Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Bu müqəddəs ideya müstəqil respublikamızın daha da möhkəmlənməsi və çiçəklənməsi üçün başlıca şərtdir. Müəyyən mənada iqtisadiyatımızın və mədəni həyatımızın inkişafında baş verən təbəddülatlar da bu məfkurənin hansı səviyyədə həyata keçirilməsindən asılıdır və zaman keçdikcə bu cəhət özünü daha bariz şəkildə büruzə verir.
Xalqımız həmişə olduğu kimi Dünya azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili böyük ürək açıqlığı və ruh yüksəkliyi ilə qeyd edir. Məhz bu günlərdə cəmiyyətimizdə gələcəyə inam, ruh yüksəkliyi, humanizm və xeyirxahlıq duyğuları özünü daha bariz şəkildə göstərir.
Dünya azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə meydana çıxmış Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilmişdir və dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Hər birimiz bir daha minnətdarlıq hissi ilə qeyd etməliyik ki, dahi rəhbərimiz xalqımızın xoşbəxt gələcəyini milli birlikdə, dünyanın bütün guşələrinə səpələnmiş azərbaycanlıların bir doğma ideya – azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməkdə görürdü. Ulu öndərimiz dəfələrlə bəyan etmişdi ki, harada yaşamasından və fəaliyyət göstərməsindən, hansı ictimai qurumda çalışmasından asılı olmayaraq azərbaycanlıların dünya ailəsində tanınmasının ilkin şərti azərbaycançılıq ideologiyasıdır, bu ideologiyanı hər bir həmvətənimiz və soydaşımız əl-ələ verib inkişaf etdirməli, gələcək nəsillərə çatdırmaqda səylərini əsirgəməməlidir.
Ulu Öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirən Prezident İlham Əliyevin effektiv siyasəti bu gün bütün dünyaya nümunədir. Cənab İlham Əliyevin Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışında vurğuladığı kimi, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlər daim diqqətdə saxlanılmalıdır. Biz taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirməliyik.
Elxan Xudaşlı,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı