Şuşa Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan qədim və zəngin şəhərlərdən biridir. Qarabağ bölgəsində yerləşən bu şəhər həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü qeyd olunur. Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.
Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Möhtərəm Prezidentimiz Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub,erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şuşa uğrunda döyüşlər İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.
Şuşa şəhəri Günümüz mübarık olsun!
Rəxşəndə Qasımova,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil
sektorunun aparıcı məsləhətçisi