Şuşa Şəhəri Gününü bayram edərkən bir daha vurğulayırıq ki, Qarabağın azad edilməsi və böyük qayıdışın həyata keçirilməsi hər bir azərbaycanlı üçün tarixdən ibrət dərsi götürməyi tələb edir. Biz 30 il əvvəlki məğlubiyyətlərimizin acı nəticələrini düzgün təhlil etməliyik ki, gələcək nəsil də bunlardan yetərincə düzgün nəticə çıxara bilsin. Unutmamalıyıq ki, olub-keçənlər bu tarixin ibrət dərsi idi. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan hərəkətlərin, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu münaqişənin bütün məşəqqətlərinin dünya ictimaiyyətinə detalları ilə çatdırılması, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ölkə başçımız tərəfindən ciddi və məqsədyönlü iş aparılır
2020-ci il noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Dövlət başçısı noyabrın 8-də Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu xəbərini bütün dünyaya bəyan etdi.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyərək Azərbaycan xalqına tarixi xitabı həyatımızın ən möhtəşəm Zəfər müjdəsi oldu. Möhtərəm Prezidentimiz özü də söylədi ki, Azərbaycan xalqına bu müjdəni verdiyi gün onun həyatında ən xoşbəxt günlərindən biridir. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!”
Bu azadlıq həm də ermənilərin illərlə davam edən işğal siyasətinə qarşı tarixi ədalətin bərpasını təcəssüm etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu qələbə Azərbaycanın güclü ordusunun və xalqın birliyinin nəticəsi olaraq tarixdə yerini aldı. Şuşanın azad edilməsindən sonra şəhərin bərpası, abidələrin yenidən qurulması və mədəniyyətin dirçəldilməsi istiqamətində mühüm işlər həyata keçirilməyə başlanıldı. Şəhərin tarixi simasının bərpa olunması konseptinə uyğun reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir.
Şuşanın azad edilməsi və inkişafı Azərbaycan xalqının əzmini, milli iradəsini və mədəniyyətini təmsil edən möhtəşəm bir nailiyyətdir.
Emil Şəmmədov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı