Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr tarixi yalnız ərazi bütövlüyümüzün təmin olunduğu gün deyil, həm də milli ləyaqətimizin, sarsılmaz iradəmizin və qürurumuzun təntənəsidir. Həmin gün Şuşa azadlığına qovuşmaqla Azərbaycan tarixinin yeni səhifəsini açdı. Bu səhifə hərbi Zəfərlə başlasa da, sonrakı illərdə genişmiqyaslı bərpa-quruculuq, doğma yurda qayıdış, milli-mədəni irsin dirçəldilməsi və beynəlxalq əməkdaşlıq prosesləri ilə davam etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü ildə müvafiq Sərəncamı ilə 8 noyabrın həm də “Şuşa şəhəri günü” kimi təsis edilməsi bu tarixi Zəfərə göstərilən ali ehtiramin, eyni zamanda xalqımızın mədəni kimliyinə və mənəvi dəyərlərinə verilən yüksək qiymətin təzahürüdür. Qarabağ Zəfərinin zirvəsi sayılan Şuşa əməliyyatı dünya hərb tarixinə unikal nümunə kimi düşdü. Azərbaycanın qəhrəman övladları keçilməz sıldırım qayaları, sıx meşələri adlayaraq, əlbəyaxa döyüşlərdə misilsiz igidlik göstərərək Şuşanı düşmən tapdağından xilas etdilər. Bu əməliyyat yalnız yüksək hərbi professionallığın deyil, həm də xalq-ordu birliyinin sarsılmaz gücünün sübutu idi. Dövlət başçısının “Şuşasız bizim işimiz yarımçıq qalardı” fikri şəhərin strateji əhəmiyyətini göstərməklə yanaşı, mənəvi borcun – Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Şuşanın azad olunması ilə Ermənistanın işğalçılıq siyasəti darmadağın edildi və Cənubi Qafqazda yeni siyasi reallıqlar yarandı.
Şuşanın beynəlxalq mədəniyyət məkanında mövqeyinin gücləndirilməsi də mühüm istiqamətlərdən biridir. Şəhər 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması Şuşanın beynəlxalq turizm və mədəni əməkdaşlıq potensialının genişləndiyini göstərir.Şuşada aparılan bərpa-quruculuq işləri kompleks yanaşma əsasında həyata keçirilir. Zəfər Yolunun istifadəyə verilməsi, yeni yaşayış komplekslərinin inşası, elektrik, su və digər kommunikasiya infrastrukturunun qurulması, sosial xidmət obyektlərinin yaradılması şəhərin müasir inkişafının əsasını təşkil edir. Tarixi-mədəni irsin qorunması bu prosesin ayrılmaz hissəsidir. Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, məscidlərin və digər tarixi abidələrin bərpası Şuşanın yaddaşının və milli kimliyinin qorunmasına xidmət edir. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinin yenidən öz yerlərinə qaytarılması isə tarixi ədalətin və milli-mədəni irsə ehtiramın rəmzinə çevrilib.
2024-cü ildə birinci yaşayış kompleksinin istifadəyə verilməsi və ilk sakinlərin Şuşaya qayıdışı Böyük Qayıdış prosesində mühüm mərhələ oldu. Sonrakı dövrdə yeni yaşayış layihələrinin həyata keçirilməsi, məktəb, xəstəxana, xidmət və turizm infrastrukturunun yaradılması şəhərin davamlı məskunlaşması üçün imkanları genişləndirdi. Şuşanın 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi də bu prosesin uzunmüddətli və sistemli xarakter daşıdığını göstərir. Baş planda şəhərin tarixi memarlıq quruluşunun qorunması, təbii landşaftın mühafizəsi, müasir nəqliyyat və mühəndis-kommunikasiya sistemlərinin yaradılması, sosial xidmətlərin əlçatanlığının təmin edilməsi əsas prioritetlərdir. 2026-cı il Şuşanın bərpası, məskunlaşması və beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından əlamətdar mərhələ oldu. Bu ilin hadisələri şəhərin inkişaf strategiyasının artıq ilkin quruculuq mərhələsindən daha geniş sosial-iqtisadi və beynəlxalq inteqrasiya mərhələsinə keçdiyini nümayiş etdirir.
Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı