İslam birliyi və həmrəyliyi həlledici qüvvədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərini, TDT Baş katibini və Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq Elmi-Praktiki Konfransın iştirakçılarını qəbul edərkən bildirib ki, bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil. Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik.

Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır. Mən bizim görüşümüzün çərçivələrini bir qədər genişləndirdim, yəni sadəcə olaraq, öz fikirlərimi sübutlarla əsaslandırmaq üçün. Yəni bir daha bu əsas mesaj odur ki, biz hamımız birliyə çalışmalıyıq. Yenə də deyirəm, din xadimlərinin sözləri bütün müsəlman ölkələri üçün xüsusi məna daşıyır.

Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.

Şövqi Bayramov,

Cəlilabad Tarix –Diyarşünaslıq Muzeyinin  direktoru vəzifəsini

müvəqqəti icra edən  baş elmi işçi

👁 2 baxış