Biz heç kəsə baş əymirik

Bu gün dünyada siyasi parçalanmanın, müharibələrin, iqlim böhranının, miqrasiyanın, dini və mədəni qarşıdurmaların dərinləşdiyi bir vaxtda dialoq məkanlarının əhəmiyyəti artır. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin xronikası göstərir ki, Bakı fərqli qütblərin nümayəndələrini eyni masa ətrafında toplamaqla prosesə töhfə verir.

Prezident İlham Əliyev Müsəlman Dini İdarə Rəhbərləri ilə keçirdiyi görüşdə bildirib ki, Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Çünki biz bu ədalətsizliklə üzləşmişdik.

30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq. Elə mən özüm şəxsən 2001-ci ildə, – o vaxt Milli Məclisin deputatı idim, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv olmuşdu, mən də Azərbaycan nümayəndə heyətinin başçısı idim, – bizim nümayəndə heyəti oraya gələndə, birinci növbədə bu məsələni qaldırdıq ki, ədalətsizliyə son qoyulmalıdır və nə tələb edirdik? Tələb etmirdik ki, Avropa Şurası, gedin, Ermənistana qarşı vuruşun. Tələb edirdik ki, siyasi qərar qəbul edin. İşğalçını işğalçı adı ilə çağırın və siyasi qərarın qəbul edilməsi faktiki olaraq bir siyasi qiymətdir. Bunu etmək istəmədilər. Siyasi qiymət verilmədi. Əksinə, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir.

İndi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir.

Bu gün görürük ki, Azərbaycan çiçəklənir, bir-birinin ardınca zirvələr fəth edir. Bizi istəməyənlərin də mövcud olması təbiidir. Amma biz heç bir rəqibə baş əyməyəcəyik.

Toğrul Əsədov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının                                        

Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

                                                                                

👁 2 baxış