Pirallahıda “Suveren dövlət, güclü Azərbaycan” adlı konfrans keçirildi – FOTOLAR

Pirallahı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektoru və Pirallahı Gənclər Evinin birgə təşkilatçılığı ilə “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Suveren dövlət, güclü Azərbaycan” mövzusunda konfrans keçirilib.

Mecra.az xəbər verir verir ki, Konfransda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Konfransdan əvvəl RİH başçısı və qonaqlar Pirallahı Gənclər Evinin rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər. Daha sonra konfransın rəsmi hissəsi öz işinə başlayıb.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans çıxışlarla davam etdirilib. İlk olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək bildirib ki, Azərbaycanın dövlət suverenliyinin tam bərpası Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Natiq qeyd edib ki, ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi və ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında mühüm rol oynayıb. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycanın hərbi gücünün və ordunun peşəkarlığının nümayiş etdirildiyi mühüm mərhələlər olub. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə isə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olub. RİH başçısı bildirib ki, 2023-cü ilin sentyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub. RİH başçısı bu tarixi hadisənin əhəmiyyətini qeyd edərək, “Dövlət Suverenliyi Günü”nün 2024-cü ildə xüsusi bayram günü kimi təsis edildiyini diqqətə çatdırıb. Çıxışında şəhidlərin Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri fədakarlığı xüsusi qeyd edən Vasif İmanov şəhid ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. O, şəhid ailələrinin tədbirdə iştirakının bu əlamətdar günün mahiyyətinə xüsusi məna qatdığını bildirərək, onların qarşısında dərin ehtiramını ifadə edib. Sonda Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və dövlət suverenliyini bundan sonra da qoruyacağına əminliyini bildirən RİH başçısı şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək çıxışını başa çatdırıb.
Daha sonra Pirallahı rayon prokuroru Zaur Axundzadə çıxış edərək suverenliyin hər bir dövlətin müstəqil siyasət yürütmək, daxili və xarici işlərini sərbəst şəkildə tənzimləmək hüququnu ifadə etdiyini və xalqın öz taleyini müəyyən etmək hüququnun əsasını təşkil etdiyini bildirib. O qeyd edib ki, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və hakimiyyət qollarının müstəqilliyi suverenliyin əsas tərkib hissələridir. Zaur Axundzadə suverenliyin qorunmasının hər bir vətəndaşın həm hüququ, həm də borcu olduğunu diqqətə çatdıraraq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının bu istiqamətdə mühüm şərtlərdən biri olduğunu bildirib. Sonda qanunun aliliyinin və hüquqi maarifləndirmənin suverenliyin möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edərək iştirakçıları bu sahədə fəallığa çağırıb.
Çıxış edən bir günlük antiterror əməliyyatlarında şəhid olan, ölümündən sonra “3-cü dərəcəli Rəşadət ordeni” və “İgidliyə görə” medalı ilə təltif edilən şəhid Tural Cahangirovun atası Qələmhüseyn Cahangirov bildirib ki, oğlunun və onun kimi minlərlə şəhidin canı bahasına qazanılan Zəfər hər bir azərbaycanlı üçün milli qürur mənbəyidir. O vurğulayıb ki, gənclərin şəhidlərin xatirəsinə hörmətlə yanaşması və onların yolunu davam etdirməsi şəhid ailələri üçün ən böyük təsəllidir. Qələmhüseyn Cahangirov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhidlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə təşəkkürünü bildirib. O, Birinci vitse-prezident Mehriban Əliyevaya da şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Çıxış edən antiterror əməliyyatlarında iştirak etmiş, ehtiyatda olan zabit Məmmədtağı Atayev isə keçdiyi döyüş yolundan bəhs edib, həmin günlərdə baş verən hadisələrlə bağlı xatirələrini bölüşüb.
Yekunda Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev çıxış edib. O bildirib ki, Dövlət Suverenliyi Günü Azərbaycan xalqının müasir tarixində dövlət müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyan mühüm tarixi hadisəni əks etdirir. Vüqar Əliyev qeyd edib ki, dövlət suverenliyinin tam bərpa olunması Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasının əhəmiyyətini daha da artırır. O diqqətə çatdırıb ki, əldə olunan tarixi Zəfərin gənc nəslə düzgün çatdırılması, şəhidlərimizin keçdiyi şərəfli yolun, Vətən uğrunda göstərdikləri qəhrəmanlığın təbliği və onların əziz xatirəsinin yaşadılması mühüm vəzifələrdəndir.
Tədbir bədii hissə ilə davam edib. Rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin iştirakı ilə təşkil olunan bədii proqram rəngarəng çıxışlarla yadda qalıb.
Sonda tədbirin bədii hissəsində iştirak edən rayon yetirmələri Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələrlə təltif olunublar.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

👁 7 baxış