Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 2023-cü il sentyabrın 19-da başlayan və Azərbaycan Ordusunun uğurlu antiterror tədbirləri ilə nəticələnən hadisələrin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında mühüm tarixi mərhələ olduğunu bildirib.
Qeyd olunub ki, həmin tədbirlər nəticəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının ölkəmizin bütün ərazilərində dalğalanması təmin edilib və Azərbaycanın dövlət suverenliyi tam bərqərar olub.Rafiq Cəlilov çıxışında 20 sentyabr – Dövlət Suverenliyi Gününün xalqımızın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan xalqı tarix boyu müxtəlif sınaqlardan keçməsinə, işğal və məhrumiyyətlərlə üzləşməsinə baxmayaraq, milli dövlətçilik iradəsini və müstəqillik əzmini qoruyub saxlayıb.Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələri əsasında formalaşan müstəqil dövlətinin bu gün ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi böyük tarixi nailiyyətdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər, şəhidlərimizin canı və qəhrəman hərbçilərimizin şücaəti hesabına əldə olunan bu tarixi nəticələr xalqımızın milli qürur mənbəyidir.Daha sonra Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü liseyin direktoru Gülnar Aslanova, Vətən müharibəsinin II dərəcəli əlili, ehtiyatda olan polkovnik-leytenant Kamil Duniyev və ADPU-nun Cəlilabad filialının IV kurs tələbəsi Aynur Qəhrəmanova çıxış ediblər.
Çıxışlarda Dövlət Suverenliyi Gününün Azərbaycanın müasir tarixində xüsusi yeri olduğu qeyd edilib, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının dövlətçilik tariximizin mühüm hadisələrindən biri kimi qiymətləndirildiyi bildirilib.Tədbirdə Azərbaycanın əldə etdiyi tarixi Zəfərin və suverenliyin ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyəti vurğulanıb, dövlət müstəqilliyinin və suverenliyin qorunmasının hər bir vətəndaşın mühüm vəzifələrindən biri olduğu diqqətə çatdırılıb.








👁 37 baxış
