Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərdi ki, onların təmsil etdiyi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyirlər.. Onlar burada Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa və quruculuq prosesini, şəhərlərin yenidən qurulmasını, yolları, infrastrukturu, sosial obyektləri və tarixi-mədəni irslə bağlı görülən işləri öz gözləri ilə müşahidə ediblər.
Ermənistan tərəfinin bu səfərə etiraz etməsi isə əslində özünün Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən mövqeyi ilə ziddiyyət təşkil edir..Diplomatlar Azərbaycanın suveren ərazisinə gəliblər. Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, xarici diplomatların beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinə səfəri məntiqi baxımdan etiraz predmeti ola bilməz.
Qafqaz Albaniyasının tarixi abidələri ilə bağlı Ermənistan cəmiyyətində nümayiş etdirilən mövqe son dərəcə zərərlidir, sülhyaratma yolunda əngəldir. Əvvəla, Azərbaycan ərazisində yerləşən qədim alban dini-memarlıq nümunələri ölkəmizin çoxəsrlik tarixinin mühüm maddi sübutlarıdır. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcud olmuş və burada formalaşmışdır. İkincisi, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur və onların mənsubiyyətindən asılı olmayaraq mühafizəsi və bərpası istiqamətində tədbirlər həyata keçirilir.. Bu baxımdan Azərbaycan artıq Qarabağ üzərində suverenliyini siyasi bəyanatlarla sübut etməyə ehtiyac duymur. Suverenlik idarəçilik, quruculuq, təhsil, iqtisadi fəaliyyət və mədəni irsin qorunması vasitəsilə praktikada həyata keçirilir.
Azərbaycan öz ərazisində öz qərarlarını verir. Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək,buradakı tarixi və mədəni irsi qorumaq, və regionda davamlı sülhün bərqərar olmasına nail olmaq məqsədimizdir.
Məsələnin digər tərəfi də var Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irslə bağlı həssaslıq nümayiş etdirdiyi halda, Qərbi Azərbaycan ərazisində Azərbaycan xalqının tarixi irsinə münasibətdə eyni həssaslığı göstərməməsi ciddi ziddiyyət təşkil edir.
Bir sözlə, diplomatik korpusun Qarabağa səfərinə qarşı yaranan kampaniya da bu baxımdan ciddi siqnaldır. Deməli daim ayıq-sayıq olmalıyıq, hər cür təzyiqləri dəf etməyə qabil olmalıyıq.
Xanlar Mirzəyev,
Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi
👁 3 baxış
