11–12 sentyabr tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri növbəti dəfə Qarabağ və Şərqi Zəngəzura səfər ediblər. Səfərdə 58 dövləti və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə iştirak edib. Formal baxımdan bu, 2020-ci ildən bəri təşkil olunan 22-ci belə səfərdir və ilk baxışdan bu rəqəm artıq adi protokol təqviminin növbəti bəndi kimi görünə bilər. Lakin baş verənlərin ən diqqətçəkən tərəfi məhz bu səfərlərin artıq adi xarakter almasıdır. Bu, Qarabağın xüsusi siyasi səbəb olmadan səfər edilən, xarici diplomatların akkreditə olunduqları ölkənin digər bölgələri kimi ziyarət etdikləri bir əraziyə çevrildiyini göstərir. Azad edilmiş ərazilərimizə reallaşan sayca 22-ci səfər diplomatların regionda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, sosial-iqtisadi inkişaf və tarixi-mədəni irsin qorunması tədbirləri ilə yerində tanış olması baxımından böyük əhəmiyyət kəsb edir. Səfər proqramı çərçivəsində Ağdərə rayonunun Vəngli kəndindəki Gəncəsər və Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng monastır komplekslərinə, “İstisu” mineral su zavoduna baş çəkilmiş, habelə Kəlbəcərdə təşkil edilən Bal Festivalında iştirak təmin olunmuşdur. Lakin beynəlxalq aləmin və diplomatik korpusun Azərbaycanın suveren ərazilərindəki quruculuq prosesinə verdiyi bu açıq dəstək Ermənistan tərəfində növbəti isterika və qəbuledilməz reaksiya ilə qarşılanmışdır.
Azərbaycan dövləti öz ərazisindəki bütün tarixi, dini və mədəni abidələrin yeganə sahibidir və onların qorunmasını tam məsuliyyəti ilə həyata keçirir. Bu qərəzli kampaniya və qızışdırıcı məlumatlar yalnız radikal müxalifət dairələrindən qaynaqlanmır. Aparılan təhlillər göstərir ki, diplomatların səfərini hədəf alan psixoloji hücumların və dezinformasiya dalğasının arxasında birbaşa Ermənistanın mövcud hakimiyyəti durur. Çünki bu qəbilədən olan reaksiyalar və təxribatçı yazılar məhz Paşinyan hakimiyyətinə və hakim partiyaya yaxın media resurslarında intensiv şəkildə tirajlanır. Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın açıqlamaları və 14 sentyabr tarixində Ermənistan parlamentində 2022-ci ilin sentyabrında sərhəd təxribatlarında həlak olan hərbçilərin sükutla yad edilməsi rəsmi İrəvanın daxili işlərimizə müdaxilə etdiyini və revanşizm əhval-ruhiyyəsini körüklədiyini nümayiş etdirir. Müharibədəki məğlubiyyətdən sonra sülhə məcbur edilən Paşinyan hakimiyyətinin dirijorluğu ilə həyata keçirilən bu qərəzli kampaniya, Ermənistanın sülh prosesində qeyri-səmimi olduğunu və danışıqlara qəsdən zərbə vurmaq niyyətini bir daha üzə çıxarır.
Ermənistan tərəfinin bu cür dözümsüz və revanşist mövqeyi bölgədə davamlı sülhün bərqərar olmasına mane olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Ermənistanın Qərbi Azərbaycanda min illər boyu xalqımızın yaratdığı mədəni irsi tarixi abidələri, məscidləri və qəbiristanlıqları sistemli şəkildə dağıtması dözümsüzlük və irqçiliyin bariz təzahürüdür. Azərbaycanın mədəni izlərini silməyə və regionun tarixini təhrif etməyə yönəlmiş bu destruktiv addımlar beynəlxalq hüququn, xüsusən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Fazil Məhəmmədov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü
👁 11 baxış
