Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın daha geniş regional bağlantı siyasətinin mühüm hissəsinə çevrilir. Zəngəzur dəhlizi, Naxçıvan bağlantısı, Şərq-Qərb nəqliyyat marşrutları və Orta Dəhliz kontekstində bu ərazilərin iqtisadi və geosiyasi əhəmiyyəti artır. Deməli, diplomatlara göstərilən yalnız “bərpa edilmiş ərazilər” deyil, həm də gələcəkdə Azərbaycanı regionun mühüm nəqliyyat, logistika və iqtisadi qovşaqlarından birinə çevirə biləcək coğrafiyadır.

Burada daha incə siyasi məqam da var. Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin ön planda olduğu bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpasının nümayiş etdirilməsi Bakının sülh prosesinə yanaşmasını da əks etdirir.

Lakin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir.  Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Ermənistan cəmiyyəti hansı haqla xarici diplomatları Azərbaycanın suveren ərazisində hərəkətinə görə linçləyir? Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər. Birdəfəlik bilmək lazımdır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir.

Bu vəziyyət bir daha göstərir ki, Ermənistan daxilində revanşist qüvvələr var. Lakin onlar təkcə müxalifətdə deyil. Təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi bir dövrdə Qarabağ və sərhəd istiqamətləri ilə bağlı müxtəlif iddiaların, siyasi manipulyasiyaların və fərqli interpretasiyaların ortaya çıxması mümkündür: Bu baxımdan Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfər etməsinin Ermənistan informasiya məkanında narazılıqla qarşılanması, müxtəlif sosial şəbəkə hesablarında və media resurslarında həmin diplomatların hədəfə alınması regionda revanşist düşüncənin müəyyən dairələrdə hələ də yaşadığını göstərir.

Emil Şəmmədov,

Cəlilabad RİH-nin əməkdaşı

 

👁 2 baxış