Strateji əməkdaşlığın vüsəti daha da artacaq

Vətən müharibəsində qazanılan  Qələbədən sonra Azərbaycanın geostrateji mövqeyi onun regional və qlobal miqyasda nüfuzlu tərəfdaş kimi tanınmasını təmin edib. Azərbaycan Respublikasının  Prezidenti cənab   İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarov ilə qarşılıqlı inama əsaslanan şəxsi münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qırğızıstana rəsmi səfəri isə xüsusi əhəmiyyət kəsb edir.

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış edib. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, gələcək əməkdaşlığımızın başlıca istiqamətlərindən biri məhz konkret nəticələrə hədəflənməyimizdir. Dövlətimizin başçısı qardaş ölkələrimiz arasında münasibətlərin möhkəm bünövrə-xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulduğunu vurğulayıb.

Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı başda olmaqla, bütün beynəlxalq platformalarda həmrəylik göstərirlər. Çoxtərəfli strukturlarda nümayiş etdirilən vahid mövqe iki ölkənin beynəlxalq nüfuzunu artırır, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və regional təhlükəsizlik kimi müasir çağırışlara qarşı strateji planları birgə həyata keçirməyə imkan verir. Bu gün Bakı və Bişkek regional sabitliyin və Türk dünyasının birliyinin möhkəmlənməsinə birgə töhfə verməkdə davam edirlər.

Müdafiə sahəsində əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf edir. Hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, zabitlərin hazırlığı, hərbi təhsil, təcrübə mübadiləsi və müdafiə sənayesi üzrə əməkdaşlıq son illərdə genişlənib. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı təcrübə bütün türk dövlətləri kimi Qırğızıstan tərəfindən də böyük maraqla öyrənilir.

 

Ədalət Əsgərov, Cəlilabad Rayon Ağsaqqallar Şurasının  sədri, əməkdar müəllim

 

👁 5 baxış