“Ölkəmizin ilk özəl universitetlərindən biri – Bakı Qızlar Universitetinin akkreditasiya ilə bağlı müəyyən problemlərlə üzləşməsi barədə məlumatların yayılması təhsil işçisi kimi məni məyus etdi. Çünki bu ali məktəbin ilk gündən təmiz niyyətə, vicdanlı, halal və professional fəaliyyətə söykəndiyi, gənc qızlarımız üçün əsl bilik və həyat məktəbinə çevrildiyi geniş ictimaiyyətə yaxşı məlumdur”.
Mecra.az xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib.
Onun sözlərinə görə, ən çətin dövrdə professor Ağarəhim Rəhimov başda olmaqla bir qrup tanınmış pedaqoqun təhsil tariximiz üçün rəmzi mənaya malik Ali Qızlar Seminariyası layihəsini reallaşdırması mühüm hadisə olub.
“Bu qədər uzun yol dəf etmiş və xüsusi yönümü, tədris proqramlarının məzmunu ilə seçilən universitetimizə yeni akkreditasiya qaydalarına uyğun elmi-metodiki və tədris-təşkilati dəstək göstərməyi, belə gözəl, milli məzmun və xaraktetli layihənin yaşadılmasını olduqca vacib hesab edirəm.
Təhsildə inklyuzivlik, sosial-humanist yanaşmalar, feminist baxışların və gender diskursunun genişləndiyi bir mərhələdə həmişə şəffaf və saf təlim mühiti ilə fərqlənən Bakı Qızlar Universitetinə dəstək verməyin və profilinin genişləndirilməsinin tərəfdarıyam”, – deyə o qeyd edib (Bakupost.az).
👁 90 baxış
