“Elə bilirdilər oyuncaqdı” – Müəllimini güllələyən şagirdin atasına HÖKM OXUNDU

Bu il fevralın 6-da “İdrak” liseyində müəllimini güllələyən şagirdin atasına hökm oxunub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 44 yaşlı Samir Şirinov məhkəmənin qərarı ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzasına məhkum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 230-cu (Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən Samir Şirinov ifadəsində bildirib ki, 2 ədəd silahı olub, onlardan birini 20 il əvvəl, digər silahı isə 13-14 il əvvəl (oğlunun istifadə etdiyi silahı) əldə edib:

“Silahı yaşadığım evdə dəmir seyfdə saxlayırdım. 2016-cı ilə qədər Sumqayıt şəhərində yaşamışıq, silahlar da qeydiyyatda olub. 2016-cı ildən isə Bakı şəhərinə köçdüyüm üçün silahları da özümlə bərabər gətirmişəm. Bundan sonra il ərzində 2 dəfə 6 aydan bir polis əməkdaşları silahlarıma baxış keçirib. Silahları həmişə yataq otağının daxilində olan ayrıca qarderob otağında seyfdə saxlayıdrım. Qarderob otağının qapısı isə həmişə bağlı olub, hətta qapı xüsusi mexanizm vasitəsilə yığılıb. Qapı örtülü olarkən avtomatik bağlanırdı, açarı isə həyat yoldaşımın yataq otağında saxlayırdıq. Açarın bizdən başqası tərəfindən götürülməsi mümkün deyildi. Sadəcə həmin vaxt ailədə xeyir işə başımız qarışdığı üçün oğlum açıq olan qarderob otağına keçərək silahı götürüb”.

Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirib ki, o, səhhətində yaranmış problemlərə görə uzun müddətdir ki, ova gedə bilməyib, silahlar isə həmişə seyfdə olub. Əli ilk dəfə 2025-ci ilin sentyabrında polis əməkdaşları silaha baxış keçirərkən silahları görüb:

“Həmin silahların ov silahı olduğunu bildirərək, hətta sənədləri ilə də onu tanış etmişəm. Seyf köhnə olduğuna görə qapısı çətinliklə açılırdı. Ona görə də həmin ilin dekabr ayında yeni il qabağı həyat yoldaşım mənə dedi ki, seyf çox köhnədir, paslıdır, seyfi qarderob otağından çıxarım. Düşündüm ki, yeni seyf alaram, ona görə də köhnə seyfi qarderob otağından çıxardaraq atdım. Silahları isə qarderob otağında gözlə görünməyən yerdə, ayaqqabı qutularının arxasında gizlətdim. Oğlum Əlinin silaha heç vaxt meyli yox idi. Əli ailəmizdə olan xeyir işə baş qarışdığından qarderob otağının açıq qalmasından istifadə edərək otağa daxil olub”. 

Təqsirləndirilən şəxs sonda baş verən hadisənin onları dərin sarsıtdığını, belə bir hadisənin baş verməsinə, müəllimənin zərərçəkməsinə görə təəssüfləndiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs, “İdrak” liseyinin ingilis dili müəllimi olan Şəhla Kamilova ifadəsində göstərib ki, şagirdi olmuş Əlinin belə bir hərəkət edəcəyini heç vaxt düşünməyib:

“Əlidən bu vaxta qədər özümə qarşı heç bir aqressiv hərəkət görməmişdim. Ondan belə bir hərəkəti isə ümumiyyətlə gözləməzdim. Hadisə anidən baş verib, həmin an Əlini ümumiyyətlə görməmişdim. Öncə heç nə başa düşmədim, hətta mənə elə gəldi ki, təzyiqim aşağı düşüb. Sonradan isə boynumun arxasından isti nə isə axdığını hiss etdim. Uşaqlardan “Əli elədi” dediklərini eşitdim və köməyə adam çağırılmasını xahiş etdim. Boyun nahiyəmdən xəsarət almışam. Boyun fəqərələrimə 22 qırma daxil olub, 16 qırma çıxarılsa da, 6-sı hələ də qalıb”.

Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını məhkəmədən nəzərə alınmasını xahiş edib.

Əli isə ifadəsində qeyd edib ki, silahı ilk dəfə Bakıya təzə köçəndə, polis əməkdaşları tərəfindən silaha baxış keçirilərkən görüb. Ondan sonra silahın olduğu qabı yeni il tədbirinə hazırlaşanda atasından qalstuk istəyərkən qarderob otağında qutuların arxasından görüb:

“Evdə hamının başı bacımın nişan mərasiminə qarışdığı bir vaxtda isə təsadüfən qarderob otağının açıq olduğunu gördüm və silahı götürərək sinif yoldaşlarıma göstərmək istədim. Çünki həmin vaxt yadıma düşdü ki, bir dəfə sinif yoldaşlarımla danışanda silahımız olduğunu desəm də, inanmamışdılar. Mən də silahı götürərək silahın şəklini və videolarını çəkib sinif yoldaşlarıma göndərdim. Sinif yoldaşlarım yenə mənə inanmadılar, elə bildilər ki, oyuncaq silahdır. Sonradan silahı aparıb yerinə qoymaq istəsəm də, qarderob otağının bağlı olduğunu gördüm. Ona görə də məcbur qalıb silahı öz atağıma apardım və fikirləşdim ki, silahı harda gizlədim ki, sonra yerinə qaytara bilim. Silahı qardaşımın idman çantasına qoydum. Fikriləşdim ki, qardaşı idmana gedəndə çantada silahı görüb bu barədə valideynlərinəə məlumat verər. Valideynləri də onu danlayıb, silahı ondan alıb yerinə qoyarlar. Lakin bu niyyətim baş tutmadı”. 

Əli Şirinov bildirib ki, sabah səhər tezdən oyananda özü qəsdən evdə bərk gəzib ki, kimsə səsə gəlib ona sual versin ki, idman çantasında nə var və silahın çantada olmasını bilib ondan götürsünlər:

“Səhərə kimi həyəcandan yata bilmədim. Səhər tezdən yuxudan duraraq evdə səs-küy saldım lakin nə atam, nə də anam yuxudan durmadı. Arzu edirdim ki, kimsə mənə mane olsun, lakin belə olmadı və beləcə çantanı özümlə apardım”.

Bu hərəkəti nə üçün etdiyini ifadəsinə əlavə edən Əli, ona verilən suallara cavab olaraq müəllimin onunla yaxşı rəftar etmədiyini, ona “sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur” kimi ifadələr işlətdiyini deyib. Əlinin sözlərinə görə, o da elə onu qorxutmaq üçün silahdan istifadə etdiyini, lakin yenə də səbəbinin ona bəlli olmadığını bildirib.

Xatırladaq ki, insident bu il fevralın 6-da “İdrak” liseyində baş verib. Liseyin 10-cu sinif şagirdi olan Əli Şirinov atasına məxsus ov tüfəngi ilə müəllimi Şəhla Kamilovaya atəş açaraq, xəsarət yetirib. Nəticədə o saxlanılıb və barəsində cinayət işi açılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı hazırda davam edir.

👁 201 baxış