Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Şöhrət ordenli Vahid Əzizlə rayon ictimaiyyətinin görüşü keçirilib.
Mecra.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ziyalılar, mədəniyyət işçiləri və çoxsaylı poeziya sevərlər iştirak ediblər.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonağı salamlayaraq, şairin zəngin yaradıcılığının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolunu yüksək qiymətləndirib. İcra başçısı şairin Azərbaycan poeziyasına bəxş etdiyi bənzərsiz töhfələr və fəlsəfi fəaliyyətini xüsusi vurğulayaraq, bildirib ki, şairin qələmə aldığı əsərlər hər bir oxucunun qəlbində dərin izlər buraxır.
Daha sonra səhnə sözün və musiqinin sehrinə bürünərək tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Rayonun gənc istedadları və məktəbliləri şairin dillər əzbəri olan lirik şeirlərini böyük coşğu ilə qiraət ediblər. Vahid Əzizin sözlərinə bəstələnmiş və hər kəsin qəlbinə yol tapan məşhur mahnılar musiqiçilər tərəfindən canlı ifa olunub. Görüşün ən yaddaqalan hissəsi isə Xalq şairinin özünün çıxışı və tamaşaçılarla səmimi dialoqu olub. Tədbir çərçivəsində şair poeziyanın cəmiyyətdəki rolu, yaradıcılıq yolu və ədəbi baxışları barədə fikirlərini bölüşüb, yeni fəlsəfi və lirik şeirlərini səsləndirib. Ustad sənətkar göstərilən bu yüksək qonaqpərvərliyə və sevgiyə görə rayon sakinlərinə dərin təşəkkürünü bildirib.
Tədbirin sonunda Vahid Əziz oxucuların ünvanladığı çoxsaylı sualları böyük səmimiyyətlə cavablandırıb.







👁 47 baxış
