Kasım-Jomart Tokayev və İlham Əliyevin sədrliyi ilə Astanada Qazaxıstan və Azərbaycan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə kompleks proqram plana uyğun icra edilir. Danışıqların gedişində iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi, razılığa gəldik ki, ən yaxın perspektivdə ikitərəfli əmtəə dövriyyəsini ikiqat artıraq və onu 1 milyard dollara çatdıraq. Kənd təsərrüfatı, energetika, emal sənayesi, inşaat sektoru, rəqəmsallaşma sahələrində böyük imkanlar mövcuddur.
Hər iki tərəf müştərək müəssisələrin yaradılmasına marağı ifadə etdi və bu məsələdə əhəmiyyətli irəliləyişlər var. Məsələn, transformatorların birgə istehsalını təşkil etmək planlaşdırılıb. Mənzil və infrastruktur obyektlərinin tikintisi aparılır, gəmiqayırma sahəsində birgə layihələr hazırlanır. Perspektivli, qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan birbaşa investisiyalar fondunun fəaliyyətinin aktivləşdirilməsi qərara alınıb. İki ölkənin işgüzar dairələri arasında təmasların gələcəkdə də genişləndirilməsinin zəruriliyi qeyd olunub. Bununla bağlı səfər çərçivəsində keçirilən Qazaxıstan-Azərbaycan biznes-forumu böyük əhəmiyyətə malikdir. Danışıqlar zamanı infrastruktur layihələrinin xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılması gedişi nəzərdən keçirilib. Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu ilin nəticələri də ümidvericidir, artım 2 faiz təşkil edib. Xarici tərəfdaşlarla “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirik. Sözsüz ki, bu, səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək.
Bundan başqa, limanlarımızın terminal gücünün inkişafının əhəmiyyəti qeyd olunub. Qazaxıstan Aktauda konteyner habı inşa edir. Ələt limanında yük terminalının xarici, o cümlədən çinli tərəfdaşların iştirakı ilə tikilməsi yaxşı perspektivlər açır. Danışıqlar zamanı yüklərin ixracı üçün yeni Trans-Xəzər bərə sisteminin yaradılması imkanı da müzakirə edilib.
Ölkələrimizin böyük potensiala malik olduğu energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqli üzrə birgə işimizi məmnunluqla qeyd edirəm. Keçən il bu strateji xammalın Azərbaycan ərazisindən tranziti təxminən 1,5 milyon ton təşkil edib. Yaxın vaxtlarda bu həcmi artırmaq, həm də xeyli artırmaq nəzərdə tutulur.
Rafiq Ağayev,
Yeni Azərbaycan Partiyası
Cəlilabad Rayon Təşkilatının sədr müavini
👁 baxış
