07 may 2025-ci il tarixində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam geniş nümayəndə heyəti ilə birlikdə Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər, Vyetnamdan Azərbaycana diplomatik münasibətlərin qurulmasından sonra həyata keçirilən ilk yüksək səviyyəli rəsmi səfər olmaqla xüsusi əhəmiyyət daşıyır. Səfər, vaxt baxımından qısa olsa da, məzmun baxımından olduqca zəngin və məhsuldar olmuşdur.
Səfər çərçivəsində Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafında yeni mərhələ başlanmışdır. Ən mühüm hadisələrdən biri iki ölkə arasında “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın imzalanması olmuşdur. Bu sənəd Azərbaycan–Vyetnam əlaqələrinin daha da dərinləşdirilməsinə və gələcək əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Bundan əlavə, energetika, müdafiə, elm, texnologiya, innovasiya, rəqəmsal inkişaf və mədəniyyət sahələrində əməkdaşlığa dair bir sıra anlaşma memorandumları imzalanmışdır. Bu sənədlər iki ölkə arasında praktiki əməkdaşlığın genişlənməsinə və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır. Beləliklə, To Lamın səfəri, məhsuldarlığı və əhatə etdiyi sahələr baxımından Azərbaycan–Vyetnam münasibətlərinin tarixində əlamətdar hadisə kimi yadda qalmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 1992-ci il tarixində qurulmuşdur. İkitərəfli münasibətlər qarşılıqlı hörmət, bərabərlik və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır. Diplomatik əlaqələrin qurulmasından sonra siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq istiqamətində mühüm addımlar atılmış, tərəflər arasında dostluq münasibətləri formalaşmışdır. Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Xüsusilə, BMT və Qoşulmama Hərəkatı kimi platformalarda qarşılıqlı dəstək göstərmək ənənəyə çevrilmişdir. Vyetnam Respublikası daim Azərbaycanın ərazi bütövlüyünü tanımış və Qarabağ münaqişəsinin beynəlxalq hüquq və Azərbaycanın suverenliyi çərçivəsində həllini dəstəkləmişdir.
Səfər çərçivəsində, liderlərin mətbuata birgə bəyanatları olmuş, bu çərçivədə bir çox vacib fikirlər səsləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti nitqində vurğulamışdır ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın səfəri Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Dövlət başçımız həmçinin, vurğulamışdır ki, iki ölkə vahid mövqedən çıxış edir və baxışlarımızda da bir çox oxşarlıq var. Nitqinin sonunda Azərbaycan Prezidenti səfərin çox gözəl nəticələri olacağına əminliyini ifadə etmişdir.
Daha sonra çıxış edən Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam hazırkı səfərin, diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyası rəhbərliyi səviyyəsində Azərbaycana edilən ilk səfər olduğunu xüsusi vurğuladı. O bildirdi ki, bu səfər Vyetnamın Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində qətiyyətli siyasətinin bariz nümunəsidir. To Lam çıxışında imzalanan “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın əhəmiyyətini qeyd edərək, bu sənəddə əks olunan müddəaların həyata keçirilməsi üçün beş əsas istiqamət üzrə əməkdaşlığın dərinləşdirilməsini təklif etdi.
İlk növbədə, o, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin daha fəal və sistemli şəkildə qurulmasının vacibliyini qeyd etdi. İkinci olaraq, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğuladı. Üçüncü istiqamət kimi, müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində əməkdaşlığın dərinləşdirilməsi zərurəti qeyd olundu. Dördüncü istiqamət olaraq, mədəniyyət, idman, turizm, təhsil, xalqlar arasında təmaslar və regional əməkdaşlığın inkişaf etdirilməsinin önəmi vurğulandı. Beşinci və sonuncu məsələ isə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyidir. To Lam çıxışını, Azərbaycanla strateji tərəfdaşlığın yalnız bugünkü razılaşmalarla məhdudlaşmadığını, əksinə, bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini vurğulayaraq tamamladı.
Beləliklə, 07 may 2025-ci il tarixində baş tutmuş bu tarixi səfər Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Səfər zamanı əldə olunan razılaşmalar, imzalanan sənədlər və qarşılıqlı verilmiş siyasi mesajlar göstərdi ki, iki ölkə arasında əməkdaşlıq təkcə keçmişin dostluq ənənələrinə deyil, həm də gələcəyin ortaq maraqlarına əsaslanır. Vyetnam və Azərbaycan qarşılıqlı etimad və strateji yanaşma ilə əlaqələrini daha da möhkəmləndirmək əzmindədirlər. Bu səfər, sözün əsl mənasında, iki dost ölkə arasında uzunmüddətli və çoxşaxəli tərəfdaşlığın möhkəm təməlini qoydu.
Tural Cəfərov
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı
👁 baxış
