Azərbaycanın Gürcüstanla qarşılıqlı münasibətləri böyük əhəmiyyət daşıyır

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yürüdən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər. Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, beynəlxalq arenada Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olub.

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu baxımdan, Azərbaycan-Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir.

Yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizdə səfərdə olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata bəyanat verərək bildirib ki, əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayan Azərbaycanla Gürcüstan arasında bütün istiqamətlər üzrə uğurlu inkişafa doğru əlaqələr mövcuddur.  Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur.  Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər. İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Baş tutan rəsmi səfərlər zamanı nəinki siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq əlaqələri müzakirə edilir, həmçinin, regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir.

44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər. Gürcüstanla Azərbaycanı möhkəm siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı, mühüm qlobal və regional layihələr birləşdirir. Bütövlükdə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Eyni zamanda, Azərbaycanla Gürcüstan Xəzər-Qara dəniz, Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyada ən strateji qlobal layihələri gerçəkləşdirməklə bölgədə təhlükəsizliyin, sabitliyin möhkəmlənməsində yeni səhifə açır.

Rüfət Əhmədov,

       Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya   

       təminatı və təhlili sektorunun müdiri

 

👁 baxış