Azərbaycanla Gürcüstan münasibətləri strateji xarakter daşıyır

Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münasibətləri inkişaf etdirməkdədir. Gürcüstan da rəsmi Bakının regionun təhlükəsizliyi və inkişafı ilə bağlı mövqeyini dəstəkləyir. 2025-ci ilin  yanvar ayının 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizə səfər etdi. Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş oldu. Görüşdən sonra dövlət başçıları mətbuata bəyanat verdilər və iki dövlət arasındakı strateji tərəfdaşlıq səviyyəsindəki münasibətlərdən bəhs etdilər. Cənab İlham Əliyevin bəyanatında vurğulanan əməkdaşlıq perspektivləri, hər iki ölkənin xalqlarına və regionun inkişafına xidmət edən strateji hədəfləri əks etdirir. Şübhəsiz ki, bu görüş, Azərbaycan-Gürcüstan tərəfdaşlığının davamlı inkişafına və daha parlaq gələcəyinə doğru atılmış növbəti addım  oldu.

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu baxımdan, Azərbaycan-Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır. Baş nazir İrakli Kobaxidzenin Bakıya işgüzar səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək. Eyni zamanda bu səfər ölkələrimiz arasında əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcək. Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri – ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir. Gürcüstan Azərbaycan əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu, Azərbaycan və Gürcüstanın indiyədək birgə fəaliyyət göstərdikləri meqalayihələrin reallaşmasında özünü aydın göstərir. Həmin təşəbbüslərin gerçəkləşməsi regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Başqa sözlə, Cənub Qaz Dəhlizi və TAP layihələrinin həyata keçirilməsi ilə Gürcüstan və Avropanın enerji təhlükəsizliyində yeni mərhələnin əsası qoyulmaqla bərabər, tərəflər arasında əməkdaşlıq münasibətinin möhkəmlənməsinə əsaslı təsir göstərir. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyirlər. İkitərəfli və üçtərəfli Azərbaycan–Gürcüstan–Türkiyə diplomatik formatında yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyi kimi, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həyatın bütün sahələrini əhatə edir. İki ölkə arasında dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıyır və bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir.

Seymur Yusibov,

Pirallahı rayonu Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin direktoru

 

👁 baxış