Xəbər verdiyimiz kimi bu gün Xalq artisti, məşhur tarzən, Milli konservatoriyanın professoru, Azərbaycan Dövlət Televiziyası və Radio Qapalı Səhmdar Cəmiyyətinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Möhlət Müslümovun doğum günüdür.
M.Müslümov doğum günüylə bağlı öz xoş təəssüratlarını Məcra.az-la bölüşüb:
“Bu gün altmış səkkiz yaşım tamam olur, amma bunu hiss etmirəm. Muğam sənəti bizi belə cavan saxlayır. Elə bilirəm ki, bu sənətə yenidən başlamalıyam. Muğam Müsabiqəsinin finalı Şuşada keçirildi və bu analoqu olmayan bir şey oldu. Uzun illər bu günü arzulayırdıq. Hər dəfə müsahibə verəndə deyirdik ki, o gün olsun müsabiqəmiz Qarabağda keçirilsin. Müsabiqə Şuşada keçirildi və özü də çox yüksək səviyyədə təşkil olundu. Oğlum, tarzən Rüstəm Müslümov da müsabiqədə müşayiət edirdi. Düzdü, özüm orda iştirak edə bilmədim, amma bir anlıq özümü orda hiss etdim. Oğlum Rüstəm səhnədə olanda çox kövrəldim. Şuşada olduğum günləri xatırladım. Həm sevindim, həm də kədərləndim”.
M.Müslümov mənfur düşmənlərimizin torpaqlarımızda törətdiyi təxribatlardan da danışıb:
“Hər dəfə Cənab Prezidentin çıxışına baxanda kövrəlirəm. Ermənilər heç nə edə bilməyəcəklər. Bu günə kimi hər şeyimizə sahib çıxmaq istəyiblər, amma bu alınmadı. Torpaqlarımızı işğaldan azad etdik və Şuşada keçirilən muğam müsabiqəsi bütün dünyaya sübut idi ki, muğam bizimdir. Ermənilərin əlindən ancaq pislik gəlir, ağıllarını başlarına yığmalıdırlar. Ordumuz onları yerinə elə oturdub ki, çətin bir də özlərinə gələlər. Bunlar nəinki Laçından, Xankəndindən də çıxmalıdırlar.
İndi yaltaqlanıb deyirlər ki, biz Azərbaycan vətəndaşlığını qəbul edirik, amma bunlara inanmaq olmaz. Gərək çomağımızı əlimizdən yerə qoymayaq. Cənab Prezident də dəfələrlə deyir ki, dəmir yumruq yerindədir, ağlınızı başınıza yığın. Nə qədər tez ağıllansalar, bir o qədər özləri üçün yaxşıdır”.
Vasif Əlihüseyn