Azad İtehlakıçılar İctimai Birliyinin sədri cənab Eyyub Hüseynova
Biləsuvar rayon Xirmandalı kənd sakini Cəfərov Mirzə Əli oğlu tərəfindən şikayət ərizəsi.
Hörmətli Eyyub müəllim!
Bu müraciətimin istehlakçı hüquqlarına birbaşa dəxli olmasa da, sizi insanlara, dövlətimizə tam təmənnasız kömək edən xeyirxah və ədalətli ağsaqqal olaraq mediadan tanıyırıq və ona görə də sizə müraciət edirəm ki, mənə qarşı olan bu haqsızlığı cəmiyyətə və “Azəriqaz”ın çatdırasınız.
Belə ki,19.06.2022 –ci il tarixində axşam saat 21-22 radələrində mən şəxsi traktorumla qonşumuz Rüstəmov Mövlud Hacıəli oğlunun Xırmandalı kənd bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsini şumlayarkən üzərində heç bir xəbərdarlıq nişanı qoyulmamış və 1.3 metr dərinlikdə basdırılmalı olan lakin, cəmi 8 santimetr dərinlikdə basdırılmış plastik polietilen boru xəttini zədələdim. Belə bir borunun bu ərazidə basdırıldığı barədə torpaq sahibi və ya bələdiyyə qətiyyən məlumat verməyib. Axşam saatları olduğu üçün qaz xəttini zədələdiyimin fərqində olmamışam.
Səhərisi gün Biləsuvar rayon Qaz İdarəsinin müdiri Ramil Mirələmov məni hədələyərək dövlətə vurduğum ziyanı yəni 1337 manat 72 qəpiyi ödəməyə məcbur etdi. Mənim bu işdə günahımın olmadığını Mirələmova dəfələrlə söyləməyimə baxmayaraq o, cəriməni ödəməyimi məndən dəfələrlə israrla tələb etdi. Həmin vaxt pulum olmadığı üçün cərimə ödənişini gecikdirməyə məcbur oldum. Qaz borusunun bu dərinlikdə olmamasını müdirə bildirdikdə dedi ki, “get kimə istəyirəsən şikayət et, mən belə çəkdirmişəm” 8-10 sm dərinlikdədir plasmas boru.
29.06.2022 ci il tarixində rayon polis şübəsinə çağırılaraq məndən haqsız olaraq izahat aldılar, cəriməni 30.06.2022-ci il tarixinədək ödəməyəcəyim təqdirdə məsuliyyətə cəlb olunacağımı bildirdilər.
29.06.2022-ci il tarixində axşamüstü saat 18 radələrində polis əməkdaşları (3 polis maşını ilə) evimə gəldilər. Polis əməkdaşları məndən traktorumun cərimə meydançasına aparılmasını tələb etdilər və bu tələb barədə heç bir əmr, sərəncam təqdim etmədilər. Mən 10 polis əməkdaşının qarşısında aciz qalaraq, traktorumu onlara təslim etməli oldum. Bu minvalla həmin gün mənə heç bir protokol təqdim etmədən şəxsi traktorumu cərimə meydançasına başqa traktorçu vasitəsilə apardılar. Traktor mənim ailəmin yeganə dolanışıq mənbəyidir.
Cərimə meydançasına saxlanılan traktorumu oradan çıxarmaq üçün mən 30.06.2022-ci il saat 10 da həyat yoladaşım Mustafayeva Qənirə Tarverdi qızının yay əmək məzuniyyətinə görə aldığı pulu bu cəriməni ödəmək üçün Mirələmovun mənə verdiyi hesaba (məbləğ 1337 man 72 qəpikdir) köçürdüm və qəbzi Biləsuvar rayon Qaz istismar İdarəsinin müdiri R.Mirələmova təqdim etdim .Yanlız bundan sonra traktorumun cərimə meydançasından çıxarılmasına icazə verdilər.
Qaz İstismar İdarəsi əməkdaşlarının səhlənkarlığının, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının hədə-qorxusunun bədəlini mən, xəstə həyat yoldaşım və 3 məsum övladım ödəməli oldu. Yay aylarında dolanışığımız üçün nəzərdə tutduğumuz pulu ailə üzvlərimizin boğazından kəsərək məsuliyyət hissini itirmiş Qaz İdarəsinin hesabına köçürərək, ağır maddi duruma düşdük. Qeyd edim ki, mən bu barədə Xarmandalı bələdiyyəsinin sədri Əzizov ilqara məlumat verib günahım olmadığını bildirdikdə o bu günahı qaz idarəsində olduğunu deyir və bildirdi ki, o torpağı artıq 3 ildir ki, əkən Rüstəmov Mövlud torpağı qanunsuz əkir! Mövlud isə əvvəlcə bildirdi ki, cəriməni ödəyəcək, sonra polislər mənə təzyiq edəndən sonra heç bir kömək etmədi.
Hörmətli Eyyub müəllim!
Sizə müraciət edərək məsələni hüquq müstəvisində həll etməyinizi, traktoru heç bir qərar olmadan müsadirə edilməsini, mənə təyziq göstərməklə qeyri-qanuni olaraq ödətdirilmiş cərimə məbləğini geri qaytarılmasını təmin etməyinizi sizdən xahiş edirəm. Biləsuvar rayonunun Xarmandalı kəndində baş verən bu özbaşınalıq barədə ən ali dövlət orqanlarına, mediaya məlumat verməyinizi xahiş edirəm.
Redaksiyadan: Yazıda adları hallanan tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.