Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilib və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
“2021-2023-cü illər ərzində belə radiomaneələrin tətbiqinin intensivləşməsi həmin ərazilərin yaxınlığında yerləşən radar stansiyalarına qlobal naviqasiya peyk sistemlərindən siqnalların daxil olmasında fasilələrin yaranması, siqnalların qəbuluna maneələrin törədilməsi, habelə Qarabağ bölgəsi ətrafında uçan mülki hava gəmilərində naviqasiya siqnallarının itməsi ilə müşayiət olunub və bununla da mülki təyyarələrin idarə edilməsinin müvəqqəti itirilməsinə və aviasiya qəzalarına səbəb ola biləcək çoxsaylı cinayət faktları qeydə alınıb.
“Repellent-1” kompleksindən havada olan obyektlərin radiorabitə vasitələrinin idarəetmə və məlumat ötürmə kanallarının siqnallarının 35 km-dək məsafədə aşkarlanaraq fəzada yerinin, istiqamətinin, sürətinin təyin edilməklə izlənilməsi, idarəetmə və naviqasiya sistemlərinin işinə radiomaneə yaradılması, eləcə də kustar üsulla quraşdırılmış radioelektron mübarizə komplekslərindən obyektlərə “GPS” və “QLONASS” naviqasiya peyklərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması istiqamətində istifadə olunduğu təsbit edilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir”, – rəsmi məlumatda vurğulanıb.