15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımıza baxarkən bir daha əyani şəkildə görürük ki, xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. Bu isə onu göstərir ki, bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir. Xalqın qəhrəman Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır.
Bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib. Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfəri böyük Qələbəmizin rəsmiləşdirilməsi deməkdir.
Prezident bu il oktyabrın 15-də Qarabağ səfərində Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında, Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində, Sərsəng su anbarının ərazisində, Xankəndi, Ağdərə, Xocalı və Xocavənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respubliikasının Dövlət Bayrağının ucaldılması mərasimilərində iştirak etdi, Xankəndi şəhərinin Kərkicahan qəsəbənin, Şuşa rayonunun Malıbəyli kəndinin ərazilərinə, Əsgəran qalasına və əraziyə baxış keçirdi, Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış oldu. Bütün bunların hər biri Azərbaycanın başucalığıdır, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qətiyyəti və şücaətini yaddaşlara həkk edir.
Biz həmin gün Prezidentin xalqa müraciətini dinlədik. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Vətən müharibəsi bizim şanlı tariximizin ən parlaq səhifəsidir. Qarabağın erməni işğalından azad olunması nəticəsində Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də düşmən üzərində güclü qələbə çalmağı təmin edib. Şanlı Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb.
Hazırda Azərbaycanın tarixində yeni səhifə – quruculuq missiyası sürətlə davam etdirilir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək, azad edilmiş torpaqlara həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır. Bizim hər birimiz azərbaycanlı olaraq bütün bunlardan ötrü ölkə başçısına hədsiz dərəcədə minnətdarıq.
Gülər İsgəndərova,
Cəlilabad rayon Nuranə Tibb Mərkəzinin həkimi