Hər bir xalqın tarixində xilaskar rolunu oynayan Lider var. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq¬larını döyüşdə sübuta yetirdilər.
Azərbaycan Prezidenti son 20 ildə yürütdüyü siyasətlə sülh tərəfdarı olduğunu dünyaya dəfələrlə nümayiş etdirdi. Vətən savaşı başlananda Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir.
Məhz cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu isbatladı
Qarabağı “dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.
Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət Heydər Əliyev özünün qurub-yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 20 ildir ki, ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru addımlayır.
Bu gün müqəddəs bayrağımız Xankəndidə dalğalanır. Biz şanlı günlərimizi alnımız açıq, başımız dik, iftixarla yaşayırıq, bundan sonra da yaşayacağıq. Çünki heç vaxt indiki kimi güclü, qüdrətli olmamışıq.
Bəhruz Əsgərov,
Cəlilabad rayon Cəlayir kənd tam orta məktəbin direktoru