“Alverçilər kartofun birbaşa bazara çıxmasına imkan vermirlər…”-Ekspert Cəlilabaddakı özbaşınalıqdan danışdı

Son günlər kartofun qiymətində bahalaşma müşahidə edilir. Qiyməti əl yandıran kartof alıcılara yerli məhsul kimi təklif olunsa da, onların mənbəyi şübhə doğurur. İddialara görə, hazırda yerli bazarlarda satışda olan məhsulların yarıdan çoxu xaricdən ucuz qiymətə alınaraq ölkəyə gətirilib ki, onların da qida üçün istifadəsi təhlükəlidir.

 

Bəs Azərbaycana zərərli məhsullar hansı ölkələrdən gətirilir və bazarlara necə buraxılır?

 

Mövzu ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bu məsələdə siyasətin müəyyən rol oynadığını düşünür.

 

“Hesab edirəm ki, bu, mübahisəli məsələdir və burada siyasətin müəyyən rolu olduğunu görə bilərik. Məsələn, uzun illər boyu biz İrandan kartof idxal etmişik və alınan kartofda heç bir problem aşkarlanmayıb. Amma İranla Azərbaycan arasında soyuq münasibətlər yarandıqdan sonra İran kartofunda xəstəliklər aşkarladıq. Bundan başqa, Belarusla hər hansı problemimiz olmasa da, bu ölkədən idxal olunan kartoflarda problemlər üzə çıxdı. Lakin problemlərin nədən ibarət olduğu bizə məlum deyil. Kartofda adətən böcək pupları və nitrat çoxluğu aşkarlanır. Problemin nə olduğunu bilmədiyimizə görə, onun zərərlərinin hansı istiqamətlərdə olduğunu  müəyyənləşdirə bilmirik”, – o deyib.

 

 

Ekspertin sözlərinə görə, kartofun tərkibində olan zərərli maddələr zəhərlənməyə səbəb olur:

 

“Bu hal müəyyən şübhələr doğurur. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi bu barədə ictimaiyyətə müfəssəl  məlumat vermir. Məsələn, əgər kartofda nitrat, azot çoxdursa, həmin məhsul yemək üçün təhlükəlidir. Həzm sistemində müəyyən problemləri olan insalar nitratlı kartofdan asanlıqla zəhərlənə bilər. Bu, həm də qida təhlükəsizliyi məsələsidir. Amma təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə ciddi əhəmiyyət vermir. Digər tərəfdən əgər kartofda zərərli böcəklərin yumurtaları aşkarlanıbsa, bu, ölkədə fermerlərin fəaliyyətinə mənfi təsir edə bilər. Fermerlər zərərli kartofun toxumlarından istifadə edərlərsə, məhsul da zərərli olur. Qeyd etdiyim kimi, zərərlər müxtəlif istiqamətdə ola bilər. Biz bununla əlaqədar sorğu vermişik. Lakin bu günə qədər Qida Təhlükəsizliyi Agentliyindən cavab ala bilməmişik”.

 

 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə hesab edir ki, ölkəyə gətirilən məhsullara ciddi nəzarət olunur.

 

“Dəfələrlə külli miqdarda kartofun zərərsizləşdirilməsinin şahidi olmuşuq. Xüsusilə, İrandan gətirilən təsərrüfat üçün zərrəli məhsulların qarşısı alınır. Bu, Azərbaycanda kartofçuluğun çökməsinə səbəb ola biləcək əsas amillərdən biridir. Hələ 30 il öncə humanitar məqsədlə ölkəyə gətirilən kartoflar arasında genetik modifikasiya olan növlərin olduğu deyilirdi. Fikrimcə, bu kimi məsələlər ciddi araşdırılmalı və insanların sağlamlığına ziyanlı olan məhsullar bazarlardan yığışdırılmalıdır”.

 

Qiymətlərin artmasına gəlincə, E.Hüseynov bildirib ki, buna səbəb alverçilərdir:

 

“Azərbaycanda kartofun qiymətinin qalxmasına səbəb olan başqa amillər də var. Bu amillərdən biri kartof alverçiləridir. Bu gün cənub zonasından zəng edib bildirdilər ki, yeni kartof alverçiləri peyda olub. Onlar kartof istehsalçılarının birbaşa bazara çıxmasına imkan vermirlər. Həmin şəxslər məhsulu alaraq, bazara özləri çıxarır. Bu da kartofun qiymətinin artmasına səbəb olur. Əlbəttə, belə faktlar mütləq araşdırılmalı və qarşısı alınmalıdır”.