Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü növbəti dəfə təşkilata üzv dövlətlərin həssas məqamda mükəmməl birlik və həmrəyliyini nümayiş etdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışında Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olduğunu dedi: “Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşünün açılışında Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəklərini söyləyib: “Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağıq”.
Azərbaycan Prezidenti Zirvə görüşündə bildirdi ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən başlanılan 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında və qardaş xalqımızın bu dəstəyi bizə güc verdi: “Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.
Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır..Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır; Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindənçıxarmamışdır.
2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq;
Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, Ermənistan hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb: Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.
Səbinə İsmayılova,
ADPU Cəlilabad filialında müəllim