Respublika Fənn Olimpiadalarına şagird qeydiyyatının təşkili və maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı onlayn iclas keçirilib
Mecra.az xəbər verir ki, Cəlilabad rayonu üzrə təhsil sektoru tərəfindən ümumtəhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə Respublika Fənn Olimpiadalarına şagird qeydiyyatının aparılması və bu istiqamətdə maarifləndirmə işinin təşkili məsələlərinə həsr olunmuş onlayn iclas keçirilib.
İclasın əsas məqsədi Respublika Fənn Olimpiadalarının əhəmiyyətinin məktəblər səviyyəsində geniş təbliğ olunması, istedadlı və yüksək akademik göstəricilərə malik şagirdlərin olimpiadalara cəlb edilməsi, qeydiyyat prosesinin düzgün, operativ və müəyyən olunmuş müddətlərdə həyata keçirilməsinin təmin edilməsi olub.
İclas zamanı ümumtəhsil müəssisələrinin rəhbərlərinin diqqətinə bir sıra mühüm məsələlər çatdırılıb:
Respublika Fənn Olimpiadalarında iştirak etmək potensialı olan şagirdlərin müəyyənləşdirilməsi və onların olimpiadaya cəlb olunması;
Məktəblərdə fənn müəllimləri ilə birgə məqsədyönlü maarifləndirmə işinin aparılması;
Şagirdlər və onların valideynləri arasında olimpiadaların məqsədi, əhəmiyyəti, iştirak qaydaları və qeydiyyat prosesi barədə məlumatlandırmanın təşkili;
Şagirdlərin portal.edu.az platforması üzərindən qeydiyyatının düzgün və vaxtında aparılmasına nəzarət edilməsi;
Olimpiadada iştirak etmək istəyən şagirdlərə zəruri metodiki və təşkilati dəstəyin göstərilməsi;
Məktəb rəhbərləri, fənn müəllimləri, valideynlər və şagirdlər arasında koordinasiyalı fəaliyyətin təmin olunması.
Xüsusilə vurğulanıb ki, Respublika Fənn Olimpiadaları şagirdlərin fənlər üzrə bilik və bacarıqlarının, məntiqi və analitik təfəkkürünün, yaradıcı yanaşma və problem həll etmə qabiliyyətlərinin üzə çıxarılması baxımından mühüm platformadır. Bu baxımdan, hər bir ümumtəhsil müəssisəsində olimpiada hərəkatının təşviqi, istedadlı şagirdlərin vaxtında aşkar edilməsi və onların sistemli hazırlığının təşkili xüsusi əhəmiyyət daşıyır.
Məktəb rəhbərlərinə tapşırılıb ki, qeydiyyat prosesinə məsuliyyətlə yanaşılsın, şagirdlərin olimpiadada iştirakına marağının artırılması üçün müvafiq tədbirlər görülsün, eləcə də bu istiqamətdə aparılan işlərə nəzarət gücləndirilsin.
İclasda müzakirə olunan məsələlər üzrə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Əsas hədəfimiz istedadlı şagirdlərin aşkara çıxarılması, onların potensialının inkişaf etdirilməsi, fənlərə marağının artırılması və Respublika Fənn Olimpiadalarında uğurlu nəticələrin əldə olunması üçün məqsədyönlü və sistemli fəaliyyətin təmin edilməsidir.
