Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb..
Qeyd olunub ki, Azərbaycan Respublikası son son iyirmi ildən artıq müddət ərzində bütün sahələrdə böyük inkişafa nail olub. ÜDM on dəfə artaraq 7 milyarddan 76 milyarda yüksəlib. Adambaşına düşən ÜDM səkkiz dəfədən çox artaraq 900-dən 7500-ə yüksəlib. Təqdirəlayiq haldır ki, yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollara yüksəlib. Qeyri-neft-qaz sektorunun həcmini dörd dəfə yarım artırmaqla iqtisadiyyat genişləndirilib. Nəticədə 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71 faizini təşkil edib. Eyni zamanda, neft hasilatı azaldığı halda, 2003-cü ildə 5 milyard kubmetr olan qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə qədər artıb. Sözsüz ki, Azərbaycan artıq Avropa və Türkiyə üçün təbii qazın mühüm təchizatçısına çevrilib. Bu, xüsusilə Ukraynadakı müharibə ilə əlaqədar son dərəcə böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda fiziki infrastruktur tamamilə yenilənib. Sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik və su təchizatına, dəmir yollarına, məktəb və xəstəxanalara külli miqdarda vəsait sərf edilib. Bütün bunlar dövlət borcunun ÜDM-ə nisbətinin 22 faizdən 20 faizə endirildiyi bir vaxtda həyata keçirilib.
İndiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt olub. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Növbəti onillikdə iqtisadi artımın daha da çoxalacağına əminik.
Sadiq Şahbazov,
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi və
memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini, Sosial iqtisadi
məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri,