Paytaxtın Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən mənzillərin birində tavan uçub. Təmirsiz vəziyyətdə olan yaşayış binasının tavanının çökməsi nəticəsində vətəndaşa xeyli ziyan dəyib.
Mecra.az xəbər verir ki, hadisə şahidlərinin “Real TV”yə bildirdiyinə görə, uçqun səhər saatlarında baş verib.
Həmin vaxt güclü səs-küy eşidən qonşular binanın çoxdandır təmirsiz olduğunu, illərdir yağan yağışlar və rütubətin tikilini qəzalı vəziyyətə saldığını deyiblər.
Hadisə şahidi Nübar Səfərova artıq evdə oturmaqdan qorxduqlarını söyləyib: “Hamı içəridə yatırdı – nəvələrim, gəlin… Mən də elə bildim yanğın oldu. Özüm də onkoloji xəstəyəm. Qorxdum, əsdim. Girdim içəri ki, uşaqları oyadım, tez çıxardım. Bir də gördüm dam uçub töküldü. Tavan təzə təmirdən çıxmışdı”.
Uçqun baş verən mənzilin sahibi Ceyhun Rəhimov isə bildirib ki, hadisənin olacağı əvvəlcədən ehtimal edildiyindən bir neçə ay əvvəl mənzili tərk edib və hazırda başqa evdə yaşayır. Elə xoşbəxtlikdən də hadisə ailənin evdə olmadığı vaxt qeydə alınıb: “Qonşumuz bizə zəng edib dedi. Mən Pirşağıda qalıram. Gəldik ki, dam artıq yerdədi. Məlumat vermişik hər yerə, bax hələ gəlib çıxmayıblar, heç kim yoxdur ortalıqda. Uşağım burada olsaydı, necə olacaqdı? İki körpə uşağım var. Mən qayınanamın evində qalıram. Buradan hardasa iki-üç həftədir köçmüşəm. Vallah, bura pis vəziyyətdə idi. Biz müraciət etdik, gəlib baxmadılar. Heç olmasa gəlib bu evi düzəltsinlər, yaşayaq da burada, belə olmaz axı”.
Sakinlərin sözlərinə görə, uçqunun təsirindən digər mənzillərin divarlarına və tavanına zərər dəyib.
Qeyd edilib ki, məsələ barəsində müvafiq qurumlar məlumatlandırılıb. Çəkiliş aparılarkən 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları uçqun olan mənzilə gələrək bildiriblər ki, damın bərpası üçün bütün ləvazimatlar alınıb. Mənzildə tez bir zamanda təmir işlərinə başlanılacaq və sahibinə təhvil veriləcək.
Daha ətraflı süjetdə: