Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov qeyd edib ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyənləşdirən, ölkəmizin gələcək inkişafına istiqamət verən mühüm tarixi sənəddir.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoyub, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında mühüm rol oynayıb. Bu gün Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə inkişaf edərək beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
Digər çıxış edənlər də Konstitusiyanın dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin və insan hüquqlarının qorunması baxımından əhəmiyyətini vurğulayıblar.
