Azərbaycanın xarici siyasətində İslam ölkələri ilə iqtisadi, siyasi və humanitar əlaqələrin inkişafı mühüm yer tutur. Bu siyasət həm regional sabitliyin möhkəmlənməsinə, həm də müsəlman dövlətləri arasında etimadın artmasına xidmət edir. Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi ölkəmizin Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrin növbəti nümunəsidir. Müxtəlif ölkələrdən dini liderlərin və alimlərin iştirakı ilə keçirilən bu tədbirlər ortaq tarixi-mədəni irsin öyrənilməsi, mənəvi dəyərlərin qorunması və sülh çağırışlarının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən qeyd etdiyi fikirlər Azərbaycanın bu məsələlərə yanaşmasının əsas istiqamətlərini ortaya qoyur. Dövlət başçısı XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvinin çox böyük bir iz buraxdığını. vurğulayıb. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin irsi yalnız milli sərvət deyil, həm də Şərq və İslam mədəniyyətinin ayrılmaz hissəsidir.
Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr yalnız müsəlman ölkələri arasında əməkdaşlıqla məhdudlaşmır. Ölkə eyni zamanda müxtəlif dinlər arasında qarşılıqlı hörmət və dialoqun inkişafına xüsusi önəm verir. Azərbaycanda məscidlərlə yanaşı kilsələr və sinaqoqlar fəaliyyət göstərir, müxtəlif dini icmalar dövlət tərəfindən dəstəklənir. Bu model göstərir ki, İslam dəyərləri tolerantlıq, qarşılıqlı hörmət və sülh prinsipləri ilə uzlaşır. Azərbaycan bu təcrübəsini beynəlxalq tədbirlər vasitəsilə dünyaya təqdim edərək İslamın sülh və humanizm dini olduğunu nümayiş etdirməyə çalışır.
Azərbaycan müxtəlif müsəlman ölkələrində humanitar layihələrin həyata keçirilməsinə də töhfə verir. Təbii fəlakətlərdən zərər çəkmiş ölkələrə humanitar yardım göndərilməsi, səhiyyə, təhsil və sosial layihələrin dəstəklənməsi Azərbaycanın humanitar diplomatiyasının əsas istiqamətlərindəndir. Bu fəaliyyətlər dövlət qurumları və xeyriyyə təşkilatları vasitəsilə həyata keçirilir və müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Humanitar yardım siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da müsbət təsir göstərir. Son illərdə dünyada islamofobiyanın artması müsəlman ölkələri üçün ciddi problemlərdən birinə çevrilib. Azərbaycan beynəlxalq platformalarda İslam dininə qarşı ayrı-seçkiliyin və nifrət çağırışlarının qəbuledilməz olduğunu ardıcıl şəkildə bəyan edir. Ölkədə keçirilən beynəlxalq forumlarda dini dözümlülük, multikulturalizm və mədəniyyətlərarası dialoq məsələləri geniş müzakirə olunur. Məscidlərin bərpası, dini-mədəni abidələrin qorunması, İslam mədəniyyətinə həsr olunmuş sərgilərin və konfransların təşkili bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. Ölkə bu gün həm İslam dünyasında, həm də Qərb ölkələri ilə münasibətlərdə balanslaşdırılmış siyasət həyata keçirən dövlət kimi tanınır. Azərbaycan öz təcrübəsi ilə göstərir ki, İslam dəyərləri müasir inkişaf, demokratiya, multikulturalizm və beynəlxalq əməkdaşlıq prinsipləri ilə uyğunlaşdırıla bilər. Bu yanaşma ölkənin beynəlxalq təşkilatlarda mövqeyini gücləndirən mühüm amillərdən biridir.
Elzamin Həsənov,
Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbin direktoru
👁 4 baxış
