Sentyabrın 11-12-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər edib.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası gözlənilən idi. Çünki Ermənistanın həmin qüvvələrinin təbiətinə və xarakterinə yaxşı bələdik və bu üzdəniraq qüvvələrin qol-budaqlı olması da sirr deyil. Azərbaycan ərazilərinin azad edilməsindən sonra Ermənistan daxilində yeni reallıqlarla barışmaq istəməyən dairələr müxtəlif üsullarla keçmiş münaqişə gündəmini yenidən aktuallaşdırmağa çalışırlar. Qafqaz Albaniyasının tarixi və mədəni irsi ilə bağlı məsələlər də uzun müddətdir siyasi mübahisələrin predmetinə çevrilir. Halbuki Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğu, onun siyasi və mədəni tarixinin bu coğrafiya ilə bağlılığı Azərbaycan tarixşünaslığında geniş tədqiq olunmuş mövzulardandır.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.
Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Azərbaycanın mövqeyi isə aydındır. Ölkəmiz regionda sülh, təhlükəsizlik, əməkdaşlıq və iqtisadi inkişafın təmin olunmasında maraqlıdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda yeni iqtisadi imkanların yaranmasına, nəqliyyat və kommunikasiya əlaqələrinin genişlənməsinə və xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yarada bilər.
Pərviz Ağayev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Şabanlı kənd inzibati
ərazi dairəsi üzrə nümayəndəsi
👁 3 baxış
