Ermənistanın qeyri-səmimiliyi

Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura son səfəri xüsusi əhəmiyyət daşıyırdı. Diplomatların Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər Monastır Kompleksinə və Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksinə səfəri də xüsusi diqqət çəkdi. Qonaqları müşayiət edən Prezidentin köməkçisi Hikmət Hacıyev bu komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban dövlətinə məxsus tarixi və dini abidələr olması barədə ətraflı məlumat verdi.

Erməni işğalı dövründə bu tarixi abidələrin də saxtalaşdırılmasına cəhd göstərilmişdi. Lakin tarixi sənədlər və daş kitabələr bu abidələrin Azərbaycan ərazisində mövcud olmuş qədim Alban dövləti tərəfindən yaradıldığını göstərir və onların erməni kilsələrinə aidiyyəti olmadığını təsdiqləyir. Bu baxımdan xarici diplomatların həmin abidələri yerində görməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı xarici diplomatların Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olması Azərbaycanın bu ərazilər üzərində tam suverenliyinin bərpa edildiyini və həmin ərazilərin artıq ölkənin vahid siyasi, hüquqi və inzibati məkanına tam inteqrasiya olunduğunu əyani şəkildə nümayiş etdirir.

Bu məqamda Ermənistan cəmiyyətinin müəyyən hissəsinin xarici diplomatların Azərbaycan ərazisinə səfərinə qarşı aqressiv münasibət nümayiş etdirməsi Ermənistanın ictimai-siyasi düşüncəsində müharibədən sonrakı reallıqların tam qəbul edilmədiyini göstərir. Xüsusilə sosial şəbəkələrdə səsləndirilən bəzi fikirlərdə diplomatik nümayəndələrin təhqir və təzyiq hədəfinə çevrilməsi qəbuledilməzdir.

Xarici ölkə diplomatlarının səfəri ətrafında bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Belə çıxır ki, Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir.

Faktiki Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır.  Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir.

  

 Əlişirin  Teymurov,

YAP Cəlilabad Mikayıllı  ƏPT-nin sədri

                                                                    

👁 0 baxış