Pirallahıda yüksək nəticə göstərən məzunlarla görüş keçirildi – FOTOLAR

Sentyabrın 8-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə yeni tədris ilinin başlanması münasibətilə müəssisə rəhbərləri və 2025–2026-cı tədris ilində yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunmuş Pirallahı rayonunun məzunları ilə görüş keçirilib.

Mecra.az xəbər verir ki, görüşdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin üzvü Günay Əfəndiyeva, YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, təhsil müəssisələrinin direktorları, 2025–2026-cı tədris ilində yüksək nəticə göstərmiş məzunlar və valideynlər iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı tədbiri giriş nitqi ilə açaraq yeni tədris ilinin başlanması münasibətilə məktəb rəhbərlərini, müəllimləri və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. O, ötən tədris ilində yüksək nəticələr göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş məzunları təbrik edərək bu uğurların şagirdlərin zəhməti, müəllimlərin fədakar əməyi və valideynlərin dəstəyi sayəsində əldə olunduğunu bildirib. Çıxışda məktəb rəhbərlərinin üzərinə mühüm məsuliyyət düşdüyü, təhsilin keyfiyyətinin yüksəldilməsi və daha yüksək nəticələrin əldə olunması üçün məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd edilib. Məktəblərdə sağlam və yaradıcı təhsil mühitinin formalaşdırılması, müəllimlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsi və yüksək potensiala malik şagirdlərlə fərdi işin gücləndirilməsi tövsiyə olunub. Bildirilib ki, əsas məqsəd yalnız qəbul göstəricilərinin yüksəldilməsi deyil, eyni zamanda müasir biliklərə, analitik düşüncəyə və vətəndaşlıq məsuliyyətinə malik gənclərin yetişdirilməsidir.

Rayon İcra Hakimiyyətinin başçısı ölkədə həyata keçirilən məqsədyönlü təhsil siyasətinin Pirallahı rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, məktəb rəhbərlərinin, müəllimlərin və valideynlərin birgə səyləri nəticəsində qarşıdakı tədris ilində daha yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Sonda yüksək nəticə göstərmiş məzunları bir daha təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı onlara uğurlu tələbə həyatı, məktəb rəhbərləri və müəllimlərə isə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova 2025–2026-cı tədris ilinin yekunlarına dair geniş təqdimatla çıxış edərək, rayon üzrə ümumi təhsil müəssisələrinin nəticələri haqqında məlumat verib. Bildirilib ki, hesabat dövründə rayon üzrə 214 nəfər məzun olub. Onlardan 138 nəfər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan qəbul imtahanlarında iştirak edib, 92 nəfər isə ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 64,5 faiz, sənəd verənlərin sayına nisbətən qəbul göstəricisi isə 66,7 faiz təşkil edib. Rayon üzrə ümumi qəbul faizi ötən illə müqayisədə 3,7 faiz yüksəlib.

Daha sonra Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Səhiyyə komitəsinin üzvü Günay Əfəndiyeva çıxış edərək təhsilin hər bir dövlətin gələcəyini müəyyən edən fundamental sahələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda təhsilin inkişafına, savadlı və yüksək intellektual səviyyəyə malik gənc nəslin yetişdirilməsinə hər zaman xüsusi əhəmiyyət verib. Ulu Öndərin “təhsil millətin gələcəyidir” fəlsəfəsi Azərbaycanın inkişaf strategiyasında təhsilin oynadığı mühüm rolu aydın şəkildə ifadə edir. Millət vəkili vurğulayıb ki, bu gün Ümummilli Liderin müəyyən etdiyi strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir məktəb və təhsil infrastrukturunun yaradılması, rəqəmsal və innovativ yanaşmaların təhsil prosesinə tətbiqi, gənclərin ali təhsil almaq imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Günay Əfəndiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsində həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Çıxış edən YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov bildirib ki, gənclərin təhsil uğurları ölkənin gələcəyinə qoyulan ən mühüm sərmayələrdən biridir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə böyük inam bəsləyib, onların hərtərəfli inkişafını və yüksək səviyyəli təhsil almasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirib. Ulu Öndərin siyasi kursunda təhsilli, dünyagörüşlü və vətənpərvər gəncliyin formalaşdırılması xüsusi yer tutub. Emil Abasov vurğulayıb ki, bu gün Azərbaycan gənclərinin təhsil, elm, innovasiya və digər sahələrdə qazandığı uğurlar Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir. YAP-ın fəaliyyətində də gənclərin inkişafı, onların ictimai fəallığının artırılması, təhsil və peşə imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən biri kimi diqqətdə saxlanılır.

Çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov gəncləri təbrik edərək onların qazandıqları yüksək nəticələrin böyük zəhmət və əzmkarlığın göstəricisi olduğunu bildirib. O, tələbələrə təhsil həyatlarında uğurlar, qarşıya qoyduqları məqsədlərə çatmaq üçün əzmkarlıq və yeni nailiyyətlər arzulayıb. Eyni zamanda, gənclərin əldə etdikləri bilik və bacarıqlarla gələcəkdə ölkəmizin inkişafına layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Yekun olaraq, rayon üzrə ən yüksək nəticə göstərən məzun, 618,4 balla Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisasına qəbul olunmuş Salayeva Leyla çıxış edib. O, əldə etdiyi nəticədən böyük sevinc və qürur hissi keçirdiyini bildirərək, bu uğurun uzun müddət ərzində göstərdiyi səylərin və qarşıya qoyduğu məqsədə doğru əzmlə irəliləməsinin nəticəsi olduğunu qeyd edib. Uşaqlıqdan həkim olmaq arzusunda olduğunu qeyd edən Leyla Salayeva gələcəkdə seçdiyi peşənin layiqli nümayəndəsi olmaq, qazandığı bilik və bacarıqlarla insanlara və cəmiyyətə fayda vermək istəyində olduğunu ifadə edib. Sonda gənclərin təhsil alması və inkişafı üçün yaradılan imkanlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən Leyla rayon səviyyəsində gənclərə göstərilən diqqət və qayğıya görə Pirallahı Rayon İcra Hakimiyyətinə təşəkkür edib.

Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş bir qrup məzun hədiyyələrlə təltif olunub.

Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

 














👁 43 baxış