Hər günü Zəfərlə dolu Vətən müharibəsinin 29-cu günü – 2020-ci il oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdar olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı həmin gün özünün tviter hesabında bununla bağlı paylaşım edib: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
Milli Ordu hissələri Yazı düzünə Cəbrayıl rayonu istiqamətindən yarğanlar vasitəsilə irəliləyib və düşmənin 21 səngərinə və Qubadlı şəhərinə nəzarəti ələ keçirib. Digər bölmələrimiz isə Zəngilan istiqamətindən irəliləyərək Qubadlı rayonu və ətraf kəndləri işğaldan azad ediblər. Həmin hərbi əməliyyatlar nəticəsində oktyabrın 23-də əvvəlcə Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri Ordumuzun nəzarətinə keçib. Bundan iki gün sonra isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri işğalçılardan təmizlənib.
Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən bərpa edilir, Qubadlıya həyat yenidən qayıdır. Bu gün bu şanlı qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcəkdir.
Qubadlı əməliyyatı, həmçinin ovaxtkı Laçın dəhlizinə və Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verib. Əsgərlərimiz Qubadlı-Laçın yolunu nəzarətə götürüb, yüksəkliyi tutub və düşmənin xeyli qüvvəsi zərərsizləşdirilib. Bu əməliyyat Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidəki yolların açılmasında əhəmiyyətli rol oynayıb.
Fiyruz Mehtiyev,
Ocaqlı kənd 1 saylı tam orta ümumtəhsil
məktəbin müəllimi