2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub.
2020-ci il 23 dekabrda Prezident Qubadlıda Azərbaycanın dövlət bayrağını ucaldıb. Dövlət başçısı 2021-ci il iyunun 24-də də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qubadlı qısa müddət ərzində ölkənin ən abad və müasir rayonlarından birinə çevrilməkdədir. Bu quruculuq prosesi həm də Azərbaycan xalqının yaradıcı ruhunun və sarsılmaz gücünün təcəssümüdür. Qubadlı Şəhər Günü bu dirçəlişin, görülən nəhəng işlərin və qürurlu gələcəyin bayramı kimi qeyd olunur.
Əlövsət Muradov,
Cəlilabad RİH-nin əməkdaşı