11 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra təməlqoyma mərasimlərində və açılışlarda iştirak edib, həyata keçirilən layihələrlə tanış olub, Naxçıvanın sosial-iqtisadi inkişafı, infrastruktur imkanlarının genişləndirilməsi və bölgənin strateji əhəmiyyətinin daha da artırılması ilə bağlı mühüm mesajlar verib. Səfərin xüsusi diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə olub. Müsahibə zamanı Naxçıvanın sosial-iqtisadi vəziyyəti, enerji və nəqliyyat təminatı, müdafiə potensialı, qarşıda duran inkişaf prioritetləri və Muxtar Respublikanın Azərbaycanın ümumi geosiyasi və iqtisadi strategiyasındakı rolu ətraflı şəkildə şərh edilib.
Qeyd edək ki, Prezidentin Naxçıvana səfərinin əhəmiyyəti yalnız yeni layihələrin açılışı və təməlqoyma mərasimləri ilə məhdudlaşmır. Bu səfər, ilk növbədə, Naxçıvanın Azərbaycanın milli inkişaf strategiyasında xüsusi yer tutduğunu bir daha nümayiş etdirir. Dövlət başçısının bölgədə gedən proseslərlə yerində tanış olması, yeni layihələrə start verməsi və gələcək prioritetləri müəyyənləşdirməsi Naxçıvanın davamlı inkişafına dövlət səviyyəsində göstərilən diqqətin mühüm göstəricisidir.
Naxçıvan haqqında danışarkən onun Azərbaycanın dövlətçilik və milli-mədəni tarixindəki müstəsna yeri də xüsusi vurğulanmalıdır. Qədim insan məskənlərindən biri hesab olunan Naxçıvan əsrlər boyu Azərbaycan tarixinin mühüm səhifələrinin yazıldığı ərazilərdən biri olub. Muxtar respublikanın zəngin tarixi və mədəni irsi Möminə Xatın türbəsi, Xan Sarayı və digər memarlıq abidələrində öz əksini tapır. Naxçıvan, eyni zamanda, Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət və dövlətçilik tarixində silinməz iz qoymuş böyük şəxsiyyətlərin yetişdiyi torpaqdır. Dahi lider Heydər Əliyev, görkəmli ədiblər Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, məşhur alim Yusif Məmmədəliyev və digər görkəmli şəxsiyyətlərin adı Naxçıvanın zəngin mənəvi irsi ilə sıx bağlıdır.
Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixindəki siyasi rolu isə xüsusilə XX əsrin sonlarında daha aydın şəkildə özünü göstərib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında muxtar respublikanın adından “sovet, sosialist” sözlərinin çıxarılması, Ali Sovetin adının Ali Məclis olaraq dəyişdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul olunması üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılması barədə tarixi qərarlar qəbul edilib. Həmin dövrdə Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin dayandırılması, SSRİ-nin saxlanılması ilə bağlı referendumda iştirakdan imtina edilməsi, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasının irəli sürülməsi Naxçıvanın milli dövlətçilik ideyalarının qorunması və inkişafında oynadığı tarixi rolu bir daha təsdiqlədi.
Məhz bu tarixi və siyasi irsin fonunda Prezident İlham Əliyevin Naxçıvana son səfəri xüsusi məna kəsb edir. Çünki müasir mərhələdə Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz ərazisi kimi deyil, ölkənin regional və qlobal nəqliyyat-kommunikasiya siyasətində mühüm strateji həlqə kimi nəzərdən keçirilir. Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər də bu reallığı aydın şəkildə ortaya qoyur. Dövlət başçısının Naxçıvanın gələcək inkişafını nəqliyyat əlaqələrinin genişləndirilməsi və infrastrukturun modernləşdirilməsi ilə əlaqələndirməsi Azərbaycanın qarşıdakı dövr üçün strateji prioritetlərini göstərir. Bu baxımdan Zəngəzur dəhlizi məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün Zəngəzur dəhlizi yalnız bir nəqliyyat layihəsi deyil, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru bağlantısının təmin edilməsi, regionda yeni iqtisadi və logistika imkanlarının yaradılması baxımından strateji layihədir. Prezident İlham Əliyevin müsahibəsində bu məsələyə toxunarkən verdiyi mesajlar göstərir ki, Azərbaycan Zəngəzur dəhlizini regionda uzunmüddətli sülhün, iqtisadi əməkdaşlığın və kommunikasiyaların bərpasının mühüm elementlərindən biri kimi qiymətləndirir. Dəhlizin reallaşması Naxçıvanın geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qovşaqlarından birinə çevirə bilər. Bu baxımdan Zəngəzur dəhlizi Naxçıvan üçün yeni iqtisadi imkanların, logistika və ticarət əlaqələrinin genişlənməsinin, investisiya və turizm potensialının artmasının əsas amillərindən biri kimi çıxış edir. Daha geniş miqyasda isə bu layihə Cənubi Qafqazda nəqliyyat xəritəsinin yenilənməsinə və region ölkələri arasında qarşılıqlı iqtisadi asılılığın güclənməsinə xidmət edə bilər.
Prezident İlham Əliyevin Naxçıvana səfəri bir daha göstərdi ki, bu qədim Azərbaycan torpağının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Naxçıvana göstərilən davamlı diqqət burada müasir infrastrukturun formalaşdırılması, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və muxtar respublikanın strateji potensialının tam reallaşdırılması baxımından mühüm nəticələr vəd edir. Tarixən milli dövlətçilik ideyalarının önündə gedən Naxçıvan bu gün də Azərbaycanın gələcəyə hesablanmış strateji baxışında mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr və müəyyənləşdirilən yeni hədəflər Naxçıvanın yalnız tarixi-mədəni irsimizin mühüm parçası kimi deyil, həm də Azərbaycanın regional gücünü və nəqliyyat imkanlarını artıran strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.
Mübariz Xudaverdiyev
Qarabağ müharibəsi Əlilləri, Veteranları və
Şəhid ailələri İctimai Birliyinin Pirallahı rayon filialının sədr müavini
👁 10 baxış
