Hikmət Hacıyev “Haber Global”a müsahibə verib: “Türkiyənin maraqları bizim qırmızı xəttimizdir” – VİDEO

“Türkiyənin maraqları bizim qırmızı xəttimizdir”.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev türkiyəli jurnalistlərin Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Mədəniyyətlərarası Assosiasiya Təşkilatı ilə Azərbaycana səfəri çərçivəsində “Haber Global”a müsahibəsində deyib.

Hikmət Hacıyev Ermənistanla davam edən sülh prosesi məsələsinə toxunub və yekun sülh əldə edilməsi üçün Ermənistan konstitusiyasının dəyişməsinin zəruriliyini vurğulayıb.

Hikmət Hacıyev “Haber Global”a müsahibəsində regionda baş verən hadisələri və Ermənistanla davam edən sülh prosesini qiymətləndirib. O, Azərbaycanın regionda dayanıqlı sülhün əldə edilməsi istəyində olduğunu qeyd edib.

Ancaq bunun üçün Ermənistan konstitusiyasında yer alan Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların çıxarılmasını zəruri olduğunu ifadə edib. Bunun yekun sülh sazişi üçün şərt olduğunu nəzərə çatdırıb.

“Ermənistan konstitusiyasında yer alan Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəanın çıxarılmasını gözləyirik. Bu xüsusda aldığımız siqnallar da ondan ibarətdir ki, Ermənistanda tezliklə yeni konstitusiyanın qəbul olunması istiqamətində proses başlayacaq. Ola bilsin ki, milli referendum keçirilsin. Preambulada Azərbaycana qarşı ərazi iddiaları da Ermənistan konstitusiyasından çıxarıldıqdan sonra biz sülh sazişinin yekun olaraq imzalanması üçün bir problem görmürük. Amma bunun fövqündə bölgəmizdə artıq de-fakto olaraq real sülh mövcuddur”, – deyə o qeyd edib.

Hikmət Hacıyev həmçinin İsrailin 1915-ci il hadisələrinə dair hazırladığı qətnamə ilə də bağlı danışıb.

“Bu, Azərbaycanı ciddi şəkildə narahat etdi, çünki qardaş Türkiyənin maraqlarını Azərbaycan həmişə özü üçün prioritet hesab edib və bu bizim üçün həmişə qırmızı xəttdir. Bu məsələ ortaya çıxan kimi bununla bağlı Cənab Prezidentimizin təlimatı ilə Azərbaycan da intensiv diplomatiya trafikinə başladı. İsrailə də biz mesajları aydın şəkildə çatdırdıq ki, belə bir qərarın qəbul edilməsi birincisi, ədalətsizdir, tarixi reallığı əks etdirmir və bu qərarın qəbul edilməsini də biz düzgün hesab etmirik. Müsbət bir haldır ki, İsrail tərəfindən də Azərbaycanın bu ismarıcları ciddi şəkildə qəbul edildi və hesab edirik ki, məsələnin daha da irəliləməsinin qarşısı alındı. Biz hesab edirik ki, bu, heç bir halda tarixi reallığı əks etdirməyən, tamamilə ədalətsiz bir addım olardı”, – deyə Hikmət Hacıyev qeyd edib.

O, 1915-ci il hadisələrinin Qərb ölkələri tərəfindən Türkiyəyə qarşı bir propaqanda mövzusu kimi istifadə edildiyini də vurğulayıb. Hikmət Hacıyev Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə də diqqət çəkib. İki ölkənin hər zaman bir-birilərinin maraqlarını müdafiə etdiyini və müdafiə etməyə də davam edəcəyini diqqətə çatdırıb:

“Türkiyənin olmadığı masada Azərbaycan vardır, Azərbaycanın olmadığı masada da Türkiyə vardır. Ona görə də ölkəmizin maraqlarına qarşı olan hər bir addıma biz qəti şəkildə cavab veririk və bundan sonra da cavab verəcəyik”.

Hikmət Hacıyev həmçinin erməni minalarının təmizlənməsi üçün aparılan işlərlə bağlı son vəziyyəti açıqlayıb:

“İntensiv şəkildə işlərimizi aparırıq, çox böyük əraziləri təmizləmişik və bu məsələ ilə bağlı dərin məlumatlar əldə etmişik. Texnoloji inventarımızı çox artırmışıq, robotlaşdırılmış mina təmizləmə cihazlarımız var və qardaş Türkiyədən də aldığımız cihazlarımız var ki, olduqca effektiv iş həyata keçirirlər”.

👁 43 baxış