“Azərbaycan artıq vahid geosiyasi, geoiqtisadi məkana çevrilib”

“Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev bu günlərdə Qırğız Respublikasına dövlət səfəri çərçivəsində Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə diqqəti bu statistik rəqəmlərə yönəltməklə qarşılıqlı səfərlərin dinamikliyi fonunda əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğuladı. Belə ki, 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 səfər etdiyini söyləyən cənab İlham Əliyev bildirdi ki, həmin ölkələrdən həmkarları 26 dəfə Azərbaycanda səfərdə olublar. Statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həmçinin   göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi, geoiqtisadi məkana çevrilib.

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar  əsasında Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyi möhkəmlənir, tərəfdaş ölkələrlə münasibətlərini yeni istiqamətlər üzrə daha da inkişaf etdirir, eyni zamanda, yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüsü ilə çıxış edərək bunu real addımlarında təsdiqləyir. Bu gün strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Qırğızıstan əlaqələri dostluğun, qardaşlığın təzahüri kimi dəyərləndirilir. Ortaq tarix, mədəni əlaqələr, qarşılıqlı etimad iki ölkə arasında əməkdaşlığın inkişafını şərtləndirən əsas amillərdir. Prezident İlham Əliyevin dost, qardaş Qırğızıstana dövlət səfəri mühüm məqamları ilə hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Prezidentlərin təkbətək görüşündə, mətbuata birgə bəyanatlarında, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə, Azərbaycan və Qırğız Respublikasının dövlət başçılarının təltif olunma mərasimində səsləndirilən hər bir çağırış münasibətlərin gələcək inkişafının təqdimatı oldu”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan və Qırğızıstan dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcı oldu: “Azərbaycan və Qırğızıstan Prezidentlərinin mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin dünəninə baxış əsasında qarşıdakı mərhələ üçün prioritetlərin müəyyənləşdirilməsi kimi xarakterizə edilir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Səfərin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək. Qırğız Respublikasının Prezidenti Sadır Japarov cənab İlham Əliyevin dost ölkəyə dövlət səfərinin qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcəyinə əminliyini ifadə etdi. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir.  Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır. İqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal transformasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan-Qırğızıstan, həm də Azərbaycan – Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin  məzmununu daha da zənginləşdirir”.

Malik Həsənov qeyd edib ki, səfər çərçivəsində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə səsləndirilən fikirlər də özündə mühüm məqamları ehtiva edir: “Prezident  Sadır Japarov  Qırğızıstanın və Azərbaycanın bir-birinin timsalında etibarlı dost qazandığını bildirdi. Prezident İlham Əliyev dostluğumuzun bariz nümunəsi olaraq azad Qarabağın bərpasına Qırğızıstanın  köməyini xüsusi vurğulayaraq təşəkkür etdi və bildirdi ki, Ağdam bölgəsində  birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Dövlətimizin başçısı  Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə isə  belə bir əminliyi ifadə etdi ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcək.

Ortaq tarixi, mədəni və sivilizasiya dəyərlərini bölüşən ölkələr arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi regional sabitliyin və davamlı inkişafın əsas şərtlərindən biridir. Çolpon-Ata Bəyannaməsinin qəbulu və Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qismində qoşulması ölkəmizin Mərkəzi Asiyada artan siyasi nüfuzunu və regional əməkdaşlıq platformalarında rolunun genişləndiyini təsdiqləyir. Səfər çərçivəsində  Prezident İlham Əliyevin birinci dərəcəli “Manas” ordeni, Prezident Sadır Japarovun isə “Heydər Əliyev” ordeni ilə təltif olunması  dövlətlərarası münasibətlərdə yüksək qarşılıqlı etimadın və siyasi hörmətin ifadəsidir”.

Millət vəkili bildirib ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır: “Cənab İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərinin gündəliyi zənginliyi ilə diqqətdə oldu. Bir daha təsdiqləndi ki, Azərbaycan-Qırğızıstan münasibətləri bütün dövrlər üçün aktuallığını qoruyan Türk dünyasının birliyinə, həmrəyliyinə böyük töhfədir. Qarşılıqlı etimad, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksələn münasibətlər Azərbaycan-Qırğızıstan əlaqələrinin davamlı inkişaf perspektivinə malik olduğunu təsdiqləyir. Bu əməkdaşlıq, eyni zamanda, Avrasiya məkanında yeni əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri, Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakı Azərbaycanın regionun gələcəyinə dair strateji qərarların qəbulunda fəal rol oynayan əsas tərəfdaşlardan biri olduğunu bir daha nümayiş etdirdi”.

👁 57 baxış