Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə bağları həmişə köklü və çoxşaxəli olub. İstər Qazaxıstanla, istər Özbəkistanla, istər Qırğızıstanla, istərsə də Türkmənistanla münasibətlərimiz təkcə məzmun zənginliyi ilə deyil, həm də öz təkrarolunmaz ruhu ilə seçilib. Bu yaxınlığın kökündə isə əsrlərin sınağından çıxmış ortaq milli-mənəvi dəyərlər, eyni kökdən gələn bir ruh dayanır. Bütün türk dövlətləri ilə əlaqələrin daim dərinləşdirilməsi Azərbaycan xarici siyasətinin də əsas istiqamətlərindən biri olaraq qalır. Dövlətimizin başçısının sonuncu dəfə prezident seçkilərində inamlı qalibiyyətindən sonra Milli Məclisdəki çıxışında söylədiyi bu sözlər də bəhs olunan həqiqəti bütün aydınlığı ilə ifadə edir: “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır”.
Bu sözlərdə əks olunan doğmalıq təsadüfi deyil — türkdilli xalqları bir araya gətirən ortaq mədəni irs, ortaq yaddaş dövlətlərarası münasibətlərdə həmişə xeyirxah izlərini qoyub və Azərbaycanın kökcə eyni olan bu dövlətlərlə əməkdaşlığı zaman-zaman sınaqdan uğurla çıxaraq bu gün də inamla davam edir. Dövlətimizin başçısının həmin ölkələrə mütəmadi səfərləri isə bu doğmalığın canlı sübutudur.
Bu doğmalığın son təzahürü İyulun 30-31-də özünü göstərdi — Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfəri həyata keçirdi. Çolpon-Ata şəhərinin Issık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşıladılar. Səfər çərçivəsində Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirildi, iki dövlət başçısı təkbətək görüşdə fikir mübadiləsi apardı, mətbuata birgə bəyanatlarla çıxış etdi.
Bu səfərin fonunda əminlikdə deyə bilərik ki, son illərdə Azərbaycanla Qırğızıstan arasındakı münasibətlər get-gedə dərinləşir. Bu, təkcə siyasi müstəvidə deyil, iqtisadi göstəricilərdə də özünü büruzə verir: 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 94 faiz artaraq 40 milyon dollardan 77,2 milyon dollaradək yüksəlib, son beş ildə isə bu rəqəm 13 dəfədən artıq artıb. Məhz bu doğma münasibətlərin təntənəli zirvəsi kimi səfər zamanı taleyüklü bir addım atıldı — “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalandı. Bu sənəd sadəcə kağız üzərində qalan bir razılaşma deyil, əsrlərin qardaşlığını rəsmi-hüquqi müstəviyə köçürən, iki xalqın taleyini daha sıx bağlayan tarixi bir addımdır. Bununla da Azərbaycan-Qırğızıstan münasibətləri dostluq və tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə — əlaqələrin çata biləcəyi ən yüksək zirvəyə yüksəlmiş oldu.
Səfərin başqa bir mənəvi-rəmzi məqamı isə iki dövlət başçısının qarşılıqlı təltifi oldu. Prezident İlham Əliyev Qırğızıstanın ali dövlət mükafatı — “Manas” ordeni ilə, Prezident Sadır Japarov isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif edildi. Bu təltiflər təkcə şəxsi hörmətin ifadəsi deyil, həm də iki xalq arasındakı qardaşlığın, iki dövlətin bir-birinə bəslədiyi ali etimadın rəsmi təsdiqi kimi tarixə həkk olundu.
Beləliklə, 2026-cı ilin iyulun 30-31-i Azərbaycan-Qırğızıstan münasibətlərinin salnaməsinə qızıl hərflərlə yazılan günlər kimi düşdü — köklərimizi birləşdirən qardaşlıq bu gün rəsmi müttəfiqliyə çevrildi, dostluq isə əbədi bir əhdə söykənən tərəfdaşlığa qədər ucaldı.
Tural Cəfərov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı
👁 8 baxış
