Unikal müttəfiqlik nümunəsi

Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi Azərbaycan Türkiyə əməkdaşlığın strateji istiqamətlərindən biridir. Azərbaycan hər zaman sülh və əməkdaşlıqda maraqlı olan ölkədir və heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Şuşa Bəyannaməsinin imzalanması da iki ölkənin qarşılıqlı formada bir-birinin müdafiəsinə dəstək vermək məqsədi daşıyır. Burada hər hansı bir ölkəyə qarşı heç bir iddiadan belə söhbət getmir.

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir dövrün ən mühüm siyasi sənədlərindən biri kimi tarixə daxil olmuşdur. Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin ardından azad Şuşada imzalanan bu sənəd bütövlükdə regionun gələcək geosiyasi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini təmin etmişdir.
Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlmiş, iki dövlət ortaq maraqlar ətrafında birgə fəaliyyətin uzunmüddətli yol xəritəsini müəyyən etmişdir. İki qardaş dövlət arasındakı münasibətlər ortaq tarixə, dilə, dinə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” konsepsiyası uzun illər ərzində iki qardaş xalqın münasibətlərinin əsas ideoloji sütununu təşkil etmişdir. Şuşa Bəyannaməsi məhz bu tarixi irsin və siyasi xəttin davamı kimi meydana çıxmışdır. Sənəd iki dövlət arasındakı qardaşlıq münasibətlərini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə daha yüksək müstəviyə qaldırmışdır. Bəyannamənin Şuşada imzalanması isə xüsusi rəmzi məna daşıyır. Qarabağın incisi olan Şuşa uzun illər işğal altında qaldıqdan sonra Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azad edilmiş və məhz burada imzalanan müttəfiqlik sənədi Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların təsdiqinə çevrilmişdir.
Qısaca desək, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə edən tarixi sənəddir. Bu Bəyannamə iki qardaş ölkə arasında siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlığı yeni mərhələyə yüksəldərək regionda təhlükəsizlik, sabitlik və inkişafın mühüm təminatına çevrilib. Eyni zamanda sənəd Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, Qarabağın bərpasına, Türk dünyasının inteqrasiyasına və Avrasiya məkanında yeni geosiyasi balansın formalaşmasına mühüm töhfə verir.Şuşada imzalanan bu tarixi sənəd bir daha sübut edir ki, “Bir millət, iki dövlət” fəlsəfəsi yalnız siyasi şüar deyil, real strateji əməkdaşlığın, qarşılıqlı etimadın və ortaq gələcək vizyonunun ən parlaq təcəssümüdür. Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən mühüm siyasi manifest kimi tarixdə öz yerini möhkəmləndirib.

Vüsal Abbaslı,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

👁 7 baxış