Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Cəlilabad rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrinin fidan balalarının iştirakı ilə geniş bayram tədbiri təşkil olunub.
Mecra.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər, şəhid ailələrinin üzvləri, həmçinin şəhid övladları, müəllimlər və uşaqlar iştirak ediblər. Bayram proqramı Dövlət Himninin səsləndirilməsi və ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından bəhs edən çıxışlarla başlayıb.Konsert proqramında ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları tərəfindən vətənpərvərlik ruhunda mahnılar və rəqslər təqdim olunub. Uşaqların nümayiş etdirdikləri maraqlı və rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbir çərçivəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin övladlarına xüsusi diqqət göstərilib. Şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilərək onların daim dövlətimizin və cəmiyyətimizin diqqət və qayğısı ilə əhatə olunduqları vurğulanıb.Eyni zamanda təhsil sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə Respublika Fənn Müsabiqəsinin qalibləri təltif edilərək onlara hədiyyələr təqdim olunub. Onların uğurları qeyd edilib, gələcək təhsil həyatlarında daha böyük nailiyyətlər qazanacaqlarına inam ifadə olunub.Tədbirdə iştirak edən digər uşaqlara da bayram münasibətilə müxtəlif hədiyyələr təqdim olunub.
Uşaqların üzlərindəki sevinc, gözlərindəki xoşbəxtlik və tədbir boyunca hökm sürən bayram əhval-ruhiyyəsi bir daha göstərdi ki, uşaqların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsi hər birimizin ən mühüm vəzifəsidir. Cəlilabad rayonu üzrə təhsil sektoru olaraq bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.











👁 67 baxış
