Xalqı xalq edən, milləti millət edən onun ana dilidir

2025-ci il 3 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda iştirak edib və geniş, proqram xarakterli nitqlə çıxış edib. Bu çıxış yalnız yubiley tədbirinin rəsmi hissəsi kimi deyil, həm də ölkənin elmi, texnoloji və mənəvi inkişaf istiqamətlərini müəyyən edən, strateji məzmunu ilə seçilən mühüm tarixi hadisə kimi yadda qalıb.

Prezidentin çıxışında texnoloji inkişaf, süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, hərbi sənayenin inkişafı, bərpaolunan enerji mənbələrinin istifadəsi, Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işləri, Qarabağ tarixinin tədqiqi və təbliği, həmçinin Azərbaycan dilinin saflığının qorunması kimi mühüm məsələlər ön plana çəkilib. Bu mövzuların hər biri müasir dünyanın inkişaf gündəmində xüsusi yer tutur. Lakin tarix və dil məsələlərinin Prezident tərəfindən ayrıca vurğulanması təsadüfi deyil. Çünki dil və tarix milli kimliyin, dövlətçilik ənənələrinin və mənəvi dəyərlərin əsasını təşkil edir.

Azərbaycan dilinin dövlət dili kimi qorunması məsələsinə diqqət yönəldərkən, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamaq zəruridir. Məlumdur ki, Sovet İttifaqı dövründə milli dillərin rəsmi statusu və istifadəsi ciddi məhdudiyyətlərə məruz qalırdı. Belə bir şəraitdə tarixi dönüş nöqtəsi 1978-ci il  aprelin 2-də baş verdi. Həmin gün IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında, Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş iclasda Ulu Öndər Heydər Əliyev  məruzə ilə çıxış edərək dil məsələsinin xüsusi əhəmiyyətini vurğuladı. Ulu Öndərin təklifi ilə Konstitusiyanın  73-cü maddəsi aşağıdakı redaksiyada təqdim olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Bu təşəbbüs təkcə hüquqi dəyişiklik deyildi; bu, milli özünüdərk və dövlətçilik düşüncəsinin ifadəsi idi. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan dili rəsmi status qazandı və bu, gələcək müstəqil dövlətimizin ideoloji və hüquqi təməllərindən birinə çevrildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi tarixə düşdü. O, bu addımı ilə gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini –ana dilimizi– məharətlə qorudu, inkişaf etdirilməsi üçün möhkəm zəmin yaratdı.

Bu gün Prezident İlham Əliyev atasının müəyyən etdiyi milli dil siyasətini yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirməkdədir. Onun AMEA-nın 80 illiyindəki çıxışında Azərbaycan dilinin saflığının qorunması və dilimizin qloballaşma prosesində öz kimliyini itirmədən inkişafı məsələlərinə toxunması, bu siyasətin müasir mərhələdə də prioritet istiqamət olduğunu bir daha göstərib. Dövlət başçısı çıxışında qeyd edib ki,  “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər.”

Bu fikir, əslində, dilə münasibətdə milli məsuliyyət konsepsiyasını ifadə edir. Prezidentin bu çağırışı göstərib ki, dilin saflığını qorumaq təkcə dövlət siyasətinin deyil, həm də hər bir vətəndaşın mənəvi borcudur. Dilin düzgün işlədilməsi, yad təsirlərdən qorunması, onun zəngin ifadə imkanlarının elmi və ədəbi müstəvidə inkişaf etdirilməsi – bütün bunlar xalqın kimliyini, müstəqil dövlətin mənəvi dayaqlarını möhkəmləndirən amillərdir.

Beləliklə, Heydər Əliyevin 1978-ci ildə qoyduğu ideoloji təməllər bu gün müasir Azərbaycan dövlətçiliyinin sütunları kimi qalmaqdadır. Azərbaycan dili bu gün yalnız dövlətin rəsmi dili deyil, həm də xalqımızın birliyini, mədəniyyətini və gələcəyə inamını ifadə edən milli rəmzdir. Bu dili qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək həm dövlətin, həm də cəmiyyətin müqəddəs borcudur.

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

👁 baxış