Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir. Azərbaycan cəmiyyəti, eləcə də Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi.
Ümummilli Lider təkcə dünya miqyasında tanınan siyasi və dövlət xadimi deyil, eyni zamanda, Azərbaycan elminin böyük hamisi, elmi inkişafın strateji əhəmiyyətini dərindən dərk edən şəxsiyyət idi. O, elmdə əldə olunan uğurları dövlət quruculuğunun əsas şərtlərindən biri kimi qiymətləndirirdi. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə elmə xüsusi diqqət və qayğı göstərib, bu sahənin inkişafı üçün mühüm qərarlar qəbul edib, Azərbaycan elminin qüdrətinin artmasında müstəsna rol oynayıb. O, ziyalılara, alimlərə həmişə yüksək qiymət verib və onların fəaliyyətini hər zaman dəstəkləyib. Elm və təhsilə göstərilən diqqət və qayğı bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra mühüm mesajlar verərək bu zəngin elm məbədimizin şanlı tarixindəki rolunu, müasir inkişafımızdakı əhəmiyyətini dəyərləndirdi. Cənab Prezidentin də vurğuladığı kimi Akademiya 80 il ərzində böyük yol keçib. Bu ali məbəd dünya elminə görkəmli alimlər – Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Eldar Salayev, Heydər Hüseynov, Mustafa Topçubaşov, Mirəli Qaşqay, Zərifə Əliyeva, Aida İmanquliyeva, Həsən Əliyev kimi Azərbaycan elminin qızıl fondunu bəxş edib.
Bu elm mərkəzində yüzlərlə alim həyatlarını Akademiyanın inkişafına həsr edərək parlaq və sanballı şəxsiyyətlər kimi Azərbaycanda dəyərli alimlər yetişdiriblər. Onların böyük bir qismi hazırda Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Cənubi Koreya və digər ölkələrin nüfuzlu universitetlərində uğurla elmi fəaliyyətlərini davam etdirirlər. Öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qarşısında və elm və təhsilin, sənayenin vəhdətini quran AMEA qarşısında yeni vəzifələr durur. 80 yaşını qeyd edən Akademiyamız Azərbaycanın yeni inkişaf reallıqlarına uyğun elmi-iqtisadi-sənaye uğurları, intellektual mülkiyyət, zəka məhsulları yaradılmasına töhfə verməlidir. AMEA-nın qarşısında yeni üfiqlər açılıb, sağlam yaradıcılıq və elmi rəqabət mühiti yaradılıbdır. İnanırıq ki, elm məbədimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirəcək.
Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
