Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik. Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Bizim eşitdiklərimiz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır
Kasım-Jomart Tokayev və İlham Əliyevin sədrliyi ilə Astanada Qazaxıstan və Azərbaycan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib. Şura ikitərəfli əməkdaşlığın bütün sahələrində razılaşdırılmış qərarların hazırlanması üçün effektiv platforma rolunu oynayır. “Azərbaycan Qazaxıstan üçün xüsusi ölkədir, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər və zəngin mənəvi-mədəni irs, uyğun mentalitet, hadisələrə baxış, hadisələrə ümumi dərk birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk. İlham Heydər oğlu, mən sizin dövlət səfərinizin 20-ci ildönümündə rəmzi səfərinizə müstəsna əhəmiyyət verirəm. Bu illər ərzində biz fəal siyasi dialoq qurmuşuq və ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlığın davamlı inkişafı üçün möhkəm hüquqi baza yaratmışıq.
Hökumətlərarası Komissiyanın iclasının ardınca keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinədir. Ona görə də bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir.
Ölkələrimiz ənənəvi olaraq bir-birini, – istər BMT, istərsə də digər təşkilatlar olsun, – beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir.
Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Əlbəttə, əminəm ki, Kasım-Jomart Kemeleviç bizim fəxri qonaqların arasında olacaq. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir.
Məmmədzadə Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti
başçısı aparatının Hüquq şöbəsinin müdiri
👁 baxış
