Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu baxımdan Azərbaycan və qazax xalqları arasında münasibətlərin yüksək səviyyədə olması xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri qarşılıqlı əlaqələrimizi daha da gücləndirəcək.
Qazaxıstan Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biridir. Türk dünyasının ümumi maraqları Azərbaycan və Qazaxıstanı ortaq məxrəcə gətirən ən mühüm amillər sırasındadır. Dost Qazaxıstan qısa müddətdə nüfuzlu beynəlxalq təşkilata çevrilən Türk Dövlətləri Təşkilatının əsasını qoyan ölkələrdən biridir. Qazaxıstan Mərkəzi Asiyada böyük coğrafiyaya malikdir, zəngin təbii resursları və əmək ehtiyatları ilə TDT-nin institusional qurum kimi möhkəmlənməsinə, funksionallığının artmasına, regional və qlobal proseslərə təsir imkanlarının genişlənməsinə davamlı töhfələr verir. Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir.
Oktyabrın 20-də cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, regional sabitlik və Cənubi Qafqazda sülhün inkişafı, həmçinin iqtisadi-ticari və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub. Bu səfər, həmçinin qarşılıqlı anlaşma və etimadın daha da dərinləşdirilməsinə, regional geosiyasi dinamikanın gücləndirilməsinə yönəlmiş mühüm addım hesab olunur. Nəticə olaraq, Astanada keçirilən görüşlər Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələnin başlanğıcını ehtiva edir. Regional sabitliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar və mədəni əlaqələrin inkişafı və Cənubi Qafqazda sülhün inkişafı istiqamətində əldə olunan razılaşmalar iki qardaş ölkə arasında strateji tərəfdaşlığın davamlı olacağından xəbər verir. Bu əməkdaşlıq həm iki ölkə, həm də regional sabitlik və inkişafın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir.
Astanada keçirilən görüş bir daha sübut etdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri sırf diplomatik çərçivədən kənara çıxaraq, ortaq ideallar, mənəvi dəyərlər və qarşılıqlı etimada əsaslanan qardaşlıq modelinə çevrilib. İki ölkə regional əməkdaşlığın, nəqliyyat dəhlizlərinin, enerji təhlükəsizliyinin və sülhün təminində birgə məsuliyyət daşıyır. Prezident İlham Əliyevin bəyanatı bu münasibətlərin gələcək istiqamətini aydın şəkildə müəyyənləşdirdi. Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan və Qazaxıstan xalqları arasındakı dostluq və qardaşlıq münasibətləri zaman sınağından çıxıb və gələcəyə doğru daha da möhkəmlənəcək.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
