Bir zamanlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan rayonunun işğal günü kimi yad edilirdi. Nə az, nə çox — düz 27 il bu gün qəlbimizdə dərin bir yara, içimizi yandıran ağrı və hiddətlə xatırlanırdı. Zəngilanın işğalı Azərbaycan üçün təkcə torpaq itkisi deyil, həm də geosiyasi baxımdan ciddi bir strateji məğlubiyyət idi. Bu itki ilə biz Azərbaycan–İran sərhədinə nəzarət imkanlarımızı da müvəqqəti olaraq itirmişdik.
Bu torpaqlarda min illər boyu yaşamış, kənd-kəsəklərini, dağlarını, meşələrini, çaylarını və tarixini yaddaşında daşıyan xalqımız üçün Zəngilanın işğalı təkcə coğrafi yox, həm də mənəvi yaraydı. Lakin Azərbaycan xalqı heç vaxt bu itki ilə barışmadı. İllərlə səbrlə, qürurla və ümidlə o günün — zəfər gününün gələcəyini gözlədi. Nəhayət, 2020-ci ildə xalqımızın bu ümidi gerçəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazdı. Həmin tarixi savaşda işğal altındakı torpaqlarımız ard-arda azad edildi və 20 oktyabr 2020-ci ildə Zəngilan rayonu düşmən tapdağından qurtarıldı. Bu gün artıq 29 oktyabr kədər günü deyil. İndi biz Zəngilanı 20 oktyabrda — qürur, şərəf və zəfər günü kimi qeyd edirik.
Onu da qeyd edək ki, Zəngilan artıq böyük quruculuq layihələrinin, beynəlxalq nəqliyyat dəhlizlərinin ayrılmaz hissəsi kimi tarixə yazılır. İşğaldan azad edildikdən sonra bu qədim diyar yeni inkişaf mərhələsinə qədəm qoyub. Zəngilan indi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyinə yönəlik strateji layihələrin mərkəzində dayanır. Məhz Zəngilan ərazisindən keçəcək Zəngəzur dəhlizi Mərkəzi Asiyadan başlayaraq Türkiyə və oradan Avropaya qədər uzanacaq geniş bir kommunikasiya və iqtisadi əməkdaşlıq xəttinin əsas halqalarından biri olacaq. Bu dəhliz təkcə yüklərin və sərnişinlərin hərəkətini təmin etməyəcək, həm də ölkələr arasında iqtisadi, siyasi və mədəni inteqrasiyanı gücləndirəcək. Azərbaycan üçün isə bu layihənin əhəmiyyəti çoxşaxəlidir. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla quru əlaqəsinin bərpası reallaşacaq, bu da uzun illər boyu blokadada qalan bölgənin inkişafına təkan verəcək. Eyni zamanda bu dəhliz Azərbaycanın regiondakı rolunu əhəmiyyətli dərəcədə artıracaq, ölkəmizi mühüm geosiyasi və geoiqtisadi mərkəzlərdən birinə çevirəcək. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu irimiqyaslı layihə təkcə iqtisadi mənfəət gətirmir, həm də Cənubi Qafqazda sabitliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan, Zəngilanın bu gün regionlararası əməkdaşlığın mərkəzinə çevrilməsi həm də ədalətin, zəfərin və milli iradənin təntənəsidir.
Beləliklə, Zəngilanın adı artıq işğal yox, inkişaf, quruculuq, yenidən dirçəliş və beynəlxalq əhəmiyyətli layihələrlə birgə çəkilir. Bunun üçün biz Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun bir əmri ilə canından keçən rəşadətli Ordumuza minnətdarıq. O Ordu ki, bir gün belə Qarabağ torpağını görməsə də, o müqəddəs torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaqdan çəkinməyən, ürəyi Vətən eşqi ilə döyünən igidlərdən ibarətdir. O Ordu ki, dünyanın mümkünsüz saydığını yalnız 44 günə mümkün edən, hər addımında tarix yazan, düşmənin illərlə qurduğu müdafiə xətlərini bir-bir yararaq irəliləyən qürur mənbəyimizdir. O Ordu ki, 44 günə əsrlərə bərabər bir qəhrəmanlıq salnaməsi yaradıb. O Ordu ki, “Ya Qarabağ, ya ölüm!” nidaları ilə dağları aşaraq, sədləri yararaq, Zəfərə doğru yürüdü. Eşq olsun o Orduya! Eşq olsun hər bir əsgərə, hər bir zabitə, şəhidlərimizə, qazilərimizə! Eşq olsun o Ali Baş Komandana ki, xalqın iradəsini dövlətin gücünə çevirdi, inamla, qətiyyətlə, sarsılmaz liderliklə bizi Qələbəyə apardı! Bu Qələbə sadəcə hərbi zəfər deyil — bu, bir millətin yenidən doğuluşu, milli ruhun və birlik şüurunun təntənəsidir. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı lazım gəldikdə bir yumruq kimi birləşməyi, torpağı, bayrağı, milləti uğrunda canından keçməyi bacarır. Bu həm də gələcək nəsillərə örnək olan bir irsdir — vətənpərvərlik, fədakarlıq və milli qürur irsi.
Bu gün Zəngilan dirçəlir, qurulur, abadlaşır. Hər bir bərpa olunan kənd, salınan yeni infrastruktur, tikilən məktəb və xəstəxana, açılan yollar təkcə fiziki quruculuq deyil — bunlar həm də xalqımızın sarsılmaz ruhunun, torpağına sahib çıxma əzminin təcəssümüdür. Və biz inanırıq ki, Zəngilanın, Qarabağın və Şərqi Zəngəzurun işıqlı sabahı, inkişaf dolu gələcəyi daha böyük uğurların müjdəçisidir.
Elzamin Həsənov
Bakı şəhəri, Pirallahı rayonu, 186 №-li tam orta məktəbin direktoru
👁 baxış
