Füzuli şəhəri – Zəfərin və quruculuğun təntənəsi
Azərbaycanın qədim diyarlarından biri olan Füzuli rayonu zəngin tarixi, mədəni və dini irsi ilə seçilir. Qarabağ bölgəsinin mühüm hissəsini təşkil edən bu ərazi əsrlər boyu Azərbaycanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında əhəmiyyətli rol oynamışdır. Füzuli torpağında qədim yaşayış məskənləri, memarlıq abidələri, türbələr, məscidlər və karvansaralar mövcuddur. Ermənistanın hərbi təcavüzü nəticəsində Füzuli şəhəri illərlə “xarabalığa çevrilmiş şəhər” kimi qaldı. İşğal dövründə rayonun ərazisi minalarla və partlamamış sursatlarla çirkləndirildi.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək iradəsini nümayiş etdirdi.
Azərbaycan Ordusu 2020-ci il 17 oktyabr tarixində Füzuli şəhərini işğaldan azad etdi. Bu tarixi qələbə həm strateji, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Füzulinin azad edilməsi Zəngilan, Qubadlı və Şuşa istiqamətində növbəti əməliyyatların uğurla aparılmasına şərait yaratdı. Beş il öncə – 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir siyasi tarixində strateji və simvolik əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir. Bu qələbə dövlətin siyasi iradəsinin, milli birliyin və ordu quruculuğunun nəticəsi olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası prosesində həlledici mərhələ təşkil etdi. 2023-cü ildən etibarən həmin günün “Füzuli şəhəri günü” kimi qeyd olunması həmin hadisənin tarixi və ideoloji yükünü dövlət səviyyəsində rəsmiləşdirib. Füzuli şəhərinin bərpası həm siyasi, həm də strateji mənada Azərbaycanın yeni inkişaf fəlsəfəsinin ifadəsidir. Dövlətin məqsədyönlü siyasəti nəticəsində region artıq yalnız siyasi deyil, həm də iqtisadi və sosial canlanmanın mərkəzinə çevrilir. Burada həyata keçirilən layihələr milli potensialın səfərbərliyini, idarəetmənin effektivliyini və uzunmüddətli planlaşdırma mədəniyyətini əks etdirir. Beləliklə, Füzuli şəhəri bu gün Azərbaycan dövlətçiliyinin yenilənmiş güc modelinin, milli iradənin və tarixi ədalətin bərpasının rəmzinə çevrilib. Bu şəhərin azad olunması və yenidən qurulması həm Azərbaycan xalqının əzmini, həm də dövlətin strateji düşüncə qabiliyyətini nümayiş etdirir. 17 oktyabr – Füzuli şəhəri günü təkcə təqvim tarixi deyil, həm də müasir Azərbaycanın siyasi sabitlik, milli birlik və gələcəyə inam fəlsəfəsinin təntənəsidir.
Azadlıqdan sonra aparılan təmizləmə əməliyyatları göstərdi ki, Füzuli azad olunmuş rayonlar arasında minaların sayına görə ən çox çirklənmiş ərazidir. Bu fakt işğalın miqyasını və erməni vandalizminin dərəcəsini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin tapşırığı ilə ərazidə minatəmizləmə işləri geniş şəkildə aparılır, insanların təhlükəsiz qayıdışı üçün zəruri şərait yaradılır. Qeyd edək ki, Füzuli azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin və rayonun bərpası istiqamətində genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı. “Böyük Qayıdış Proqramı” çərçivəsində Füzuli şəhəri müasir urbanist konsepsiya əsasında yenidən qurulur. Artıq Füzuli Beynəlxalq Hava Limanı, Füzuli-Şuşa avtomobil yolu, Zəfər yolu, Füzuli elektrik yarımstansiyası, su, qaz və enerji infrastrukturu, yaşayış məhəllələri, məktəblər və sosial obyektlər qısa zamanda istifadəyə verilib. Ümumiyyətlə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuli şəhərinə bir neçə dəfə etdiyi səfərlər bu torpaqlara dövlət səviyyəsində verilən diqqətin bariz göstəricisidir. Dövlət başçısının iştirakı ilə müxtəlif obyektlərin açılışları, yeni layihələrin təməlqoyma mərasimləri Füzulinin sürətli dirçəlişinin rəmzinə çevrilib. Nəticə etibarı ilə bu gün Füzuli şəhəri dağıntılardan doğan həyatın, yenidən qurulan torpağın və xalqın sarsılmaz iradəsinin simvoludur. Füzuli şəhəri günü təkcə bir rayonun azadlığını deyil, Azərbaycanın ərazi bütövlüyünün, ədalətin və milli birliyin təntənəsini ifadə edir.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
