Müasir beynəlxalq münasibətlər sistemində yaşanan dərin geosiyasi təlatümlər, güc mərkəzləri arasında artan ziddiyyətlər və ikili standartlara əsaslanan yanaşmalar fonunda hər ötən gün qlobal sabitliyə olan ehtiyac daha da aktuallaşır. Belə mürəkkəb bir geosiyasi reallıqda Azərbaycanın yürütdüyü müstəqil, milli maraqlara əsaslanan və çoxşaxəli xarici siyasət kursu ölkəmizi etibarlı tərəfdaş, söz sahibi olan dövlət və təhlükəsizlik, inkişaf təşəbbüslərinin aparıcı iştirakçısı kimi fərqləndirir. Bu strateji xəttin müəllifi və icraçısı olan Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenadakı mövqeyini sistemli şəkildə gücləndirərək, ölkəmizi yeni reallıqların formalaşdırıcısı statusuna yüksəldir.
Xüsusilə 2020-ci ildə şanlı Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən liderliyi sayəsində bölgədə tamamilə yeni bir geosiyasi düzən yaranmışdır. Azərbaycanın yaratdığı bu reallıq artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunur. İlham Əliyev təkcə qalib dövlətin lideri kimi deyil, eyni zamanda post-münaqişə dövründə sülhü təşviq edən, dayanıqlı əməkdaşlıq gündəliyini irəli sürən, mədəni və humanitar dəyərləri önə çıxaran lider kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirmişdir.
Dövlət başçısının son günlərdə ard-arda bir neçə strateji əhəmiyyətli beynəlxalq platformada – Avropa, türk və MDB məkanlarını əhatə edən zirvə görüşlərində fəal iştirakı İlham Əliyevin çoxşaxəli siyasətinin növbəti təzahürü oldu. Bu tədbirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnızca bir regionun deyil, bir neçə geosiyasi məkanda strateji əhəmiyyət kəsb edən, dinamik siyasət yürüdən və etibarlı tərəfdaş kimi çıxış edən dövlətdir. Prezident İlham Əliyevin bu platformalarda göstərdiyi siyasi qətiyyət, balanslı mövqelər və prinsipial çıxışlar Azərbaycanın həm regional, həm də beynəlxalq maraqlarını uğurla müdafiə etdiyini sübut etdi.
Bu kontekstdə 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclası da xüsusi əhəmiyyətə malikdir. İclasda çıxış edən Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona yüksək səviyyəli təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Tacikistanın inkişafına, o cümlədən Düşənbənin müasir şəhərsalma nailiyyətlərinə yüksək qiymət verib. Bu cür dostcasına yanaşma Azərbaycanın MDB çərçivəsində əməkdaşlığa verdiyi önəmi və üzv dövlətlər arasında hörmətə əsaslanan münasibətlərə verdiyi dəyəri bir daha ortaya qoyur.
Prezident İlham Əliyev çıxışında Azərbaycan-Tacikistan münasibətlərinin dostluq, qarşılıqlı etimad və dəstək üzərində qurulduğunu vurğulayaraq bu əlaqələrin geniş inkişaf potensialını qeyd etmişdir. Humanitar sahədə əməkdaşlığa xüsusi diqqət ayıran dövlət başçısı Azərbaycanın Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə görə təşəkkürünü bildirib. Dövlət başçımız Laçında keçirilmiş tədbirlərin Azərbaycanın tarixi-mədəni irsinin təqdimatı baxımından önəmli olduğunu və şəhərin işğaldan azad edildikdən sonra sürətli dirçəlişinin tədbirə gələn qonaqlar tərəfindən əyani şəkildə görüldüyünü vurğulayıb.
Dövlət başçımız, həmçinin Azərbaycanda – Gəncə və digər altı şəhərdə keçirilmiş III MDB Oyunlarının əhəmiyyətinə toxunaraq bu tədbirin MDB məkanında dostluq və əməkdaşlıq münasibətlərini daha da gücləndirdiyini qeyd etmişdir. 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə reallaşan bu tədbir Azərbaycanın humanitar və idman diplomatiyası sahəsində də təşəbbüskar olduğunu göstərir.
Beləliklə, Prezident İlham Əliyevin xarici siyasət kursu bir tərəfdən ölkənin maraqlarını qətiyyətlə qoruyur, digər tərəfdən isə regionda və dünyada əməkdaşlığa, sabitliyə və mədəni dialoqa zəmin yaradır. Onun rəhbərliyi ilə Azərbaycan hazırda beynəlxalq sistemdə yeni yanaşmaların formalaşmasına töhfə verən, sülh və inkişaf ideyalarını praktik addımlarla müşayiət edən nüfuzlu dövlətdir. Bu isə Prezident İlham Əliyevin güclü liderliyi, strateji baxışları və milli maraqlara söykənən uzaqgörən siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirilməlidir.
Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
👁 baxış
