Prezident İlham Əliyevin Düşənbə səfərinin geosiyasi və mədəni əhəmiyyəti

09 Oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfər etdi. Geniş gündəliyə malik olan səfər çərçivəsində dövlətimizin başçısı MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərək Azərbaycan-Tacikistan əlaqələrinin dostluq və qardaşlıq müstəvisində inkişafından, qədim şəhərimiz olan Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsindən və ölkəmizdə keçirilən III MDB oyunlarından bəhs etdi.

Ümumilikdə qeyd edə bilərik ki, Azərbaycanın uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla münasibətlər xüsusi yer tutur. Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında diplomatik əlaqələr 29 may 1992-ci ildə qurulmuşdur. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar, eləcə də ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və ehtirama söykənən siyasi dialoq iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Son dövrlər iki ölkə arasında yüksək səviyyəli dövlətlərarası münasibətlər məzmunca zənginləşərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Tacikistan ikitərəfli format ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir.

Dövlət başçımızın nitqinə də nəzər saldıqda, Cənab İlham Əliyevin iki ölkə arasındakı münasibətlərin qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslandığını və böyük inkişaf potensialına malik olduğunu vurğuladığını görürük. Bəli, bu gün iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad və səmimi dostluq münasibətləri ikitərəfli əməkdaşlığın strateji əsasını təşkil edir. Ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq gündən-günə genişlənir. Tacikistan Prezidentinin ötən il Bakıya rəsmi səfəri zamanı imzalanmış sənədlər paketi əlaqələrimizin yeni mərhələyə keçidini təmin edib. Xüsusilə nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı əlaqələrin genişlənməsi regionun inteqrasiyasına mühüm töhfə verir. Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən ticarət yolları üzərində yerləşən Azərbaycan və Tacikistan, nəqliyyat-logistika layihələrində fəal əməkdaşlıq edərək, həm ikitərəfli, həm də çoxtərəfli əmək münasibətlərinin inkişafına xidmət edir.

Azərbaycan Prezidenti çıxışında eyni zamanda, humanitar sahəyə də diqqət çəkərək Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə göstərdikləri  dəstəyə görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Eyni zamanda, qədim şəhərimiz Gəncədə keçirilən III MDB Oyunlarından bəhs etdi. Bu faktlar Azərbaycanın mədəni və idman sahəsindəki rolunu bir daha ortaya qoydu.

Beləliklə, Prezident İlham Əliyevin Düşənbə səfəri təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, eyni zamanda, MDB çərçivəsində əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Bu səfər Azərbaycanın regional siyasətdə artan rolunu və geosiyasi mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, güclü regional lider və humanitar əməkdaşlıq platformalarının fəal iştirakçısına çevrildi.

 

Yaqub Hüseynov

Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

 

 

👁 baxış